![]()
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür.
Hər bir dövlətin siyasi sərhədləri, hər bir millətin mənəvi hüdudları vardır. Dövlətin sərhədlərini onun suverenliyi, millətin mənəvi hüdudlarını isə tarixi yaddaşı, milli kimliyi və ortaq dəyərləri müəyyənləşdirir. Konstitusiya, bax, bu iki anlayışın – dövlət iradəsi ilə milli mənəviyyatın hüquqi müstəvidə qovuşduğu yüksək sənəddir.
Əsas qanun olan Konstitusiya xalqın öz dövlətinə, dövlətin isə öz vətəndaşına verdiyi tarixi vəddir. Bu vədin mahiyyətində azadlıq, ədalət, hüquq, məsuliyyət və gələcəyə inam dayanır.
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyası məhz belə bir tarixi zərurətin, milli dövlətçilik düşüncəsinin, müstəqillik iradəsinin ifadəsi olaraq meydana çıxdı. Üç onillikdən artıqdır ki, qüvvədə olan Əsas Qanunumuz müstəqil Azərbaycanın hüquqi-siyasi memarlığını müəyyənləşdirdi.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquqlarının təminatı, xalq hakimiyyəti kimi təməl prinsiplər dövlətçilik həyatımızın konstitusion əsaslarına çevrildi.
Burada xüsusi vurğulanmalı bir tarixi-mənəvi məqam da vardır: hələ 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli kimliyimizin qorunması baxımından müstəsna önəm daşıyırdı. Bu, Sovet dönəminin siyasi sisteminin məhdudiyyətləri içərisində milli varlığın hüquqi ifadəsinə nail olmaq örnəyi idi.
Əslində, dövlətçilik mədəniyyətinin ölçüsü qanunların mövcudluğundan daha çox, onların cəmiyyətin həyatına nə dərəcədə nüfuz etməsidir. Hüquq kağız üzərində yazılmış müddəadan vətəndaşın gündəlik yaşamında dəyərə çevriləndə Konstitusiya öz gerçək gücünü göstərir.
Bu anlamda konstitusion mədəniyyət həm də ictimai əxlaq məsələsidir. Çünki hüququn aliliyi ilə mənəvi məsuliyyət bir-birindən ayrı düşünülə bilməz; qanuna sayğı dövlətə sədaqətin, insan hüquqlarına sayğı isə mədəni yetkinliyin göstəricisidir.
Azərbaycanın çağdaş dövlətçilik tarixində Konstitusiya ilə suverenlik anlayışlarının xüsusi birliyi vardır. 2020-ci ilin 44 günlük müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası nəticəsində Əsas Qanunumuzun hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin olunması bu vəhdətin ən parlaq təcəssümüdür.
Beləliklə, Konstitusiyada təsbit edilmiş ərazi bütövlüyü və dövlət suverenliyi prinsipləri tarixi gerçəklikdə öz dolğun ifadəsini tapdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş bu nəticə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini müəyyənləşdirdi.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması da həmin tarixi-siyasi vəhdətin rəmzi ifadəsi idi.
Ancaq Konstitusiyanın böyüklüyü yalnız keçmişdə qazandırdıqları ilə ölçülmür. Onun əsl qüdrəti gələcəyə açdığı imkanlardadır.
Dünyada gedişatların sürətlə dəyişdiyi, texnologiyaların insan münasibətlərinə, dövlət idarəçiliyinə və ictimai həyata yeni məzmun gətirdiyi çağdaş zamanda konstitusion düşüncə də daim inkişaf etməlidir. Hüquqi dövlətin möhkəmliyi, vətəndaş cəmiyyətinin yetkinliyi, sosial ədalətin təminatı və milli-mənəvi dəyərlərin qorunması bir-birini tamamlayan strateji vəzifələrdir.
Biz dövlətimizin Əsas Qanununu milli birgəyaşayışın hüquqi fəlsəfəsi kimi dərk etməliyik. Dövlətin gücü həm də vətəndaşlarının hüquqa inamında, vəzifə və məsuliyyət şüurundadır.
Konstitusiya dövlətin hüquqi yaddaşıdırsa, konstitusion mədəniyyət millətin gələcək iradəsidir.
Dövlətin ərazisi onun coğrafiyası, Konstitusiyası hüquqi mənəviyyatı, suverenliyi isə azadlıq ləyaqətidir. Bu həqiqət dəyişməz qalır.


12 Noyabr – Konstitusiya Günümüz qutlu olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az