![]()
Energetika Nazirliyinin, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin heyəti Antalyada BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Enerji və Nəqliyyat Günü çərçivəsində təşkil edilmiş “Öhdəliklərdən icraya: təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi”, “Binalarda enerji səmərəliliyinin artırılması: rəqəmsal həllər və regional əməkdaşlıq” və “Yaşıl enerji dəhlizləri və regional bağlantılar: elektrikləşmə üzrə əməkdaşlığın gücləndirilməsi” tədbirlərində iştirak ediblər.
Bu barədə Subyekt.az AZƏRTAC-a istinadən Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Energetika Nazirliyi, BOEMDA və CECECO-nun birgə təşkilatçılığı ilə keçirilən “Öhdəliklərdən icraya: təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi” panel sessiyasında COP29 zamanı qəbul edilmiş Hidrogen Bəyannaməsindən sonra qlobal hidrogen gündəliyində əldə olunan irəliləyiş və praktiki icra mərhələsinin əhəmiyyəti vurğulanıb.
Energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanda aşağı karbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışıb. Qeyd olunub ki, COP29-da təqdim edilmiş Hidrogen üzrə Milli Strateji Baxış sənədinin icra planı Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi və “DNV Energy Systems Germany GmbH” şirkətinin məsləhətçi dəstəyi ilə hazırlanır və bu istiqamətdə aidiyyəti dövlət qurumlarının iştirakı ilə iş aparılır. Eyni zamanda, hidrogen bazarının formalaşdırılması, normativ-hüquqi çərçivənin yaradılması, investisiyaların cəlbi və kommersiya baxımından dayanıqlı layihələrin müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Energetika Nazirliyi və Türkiyənin Ətraf Mühit, Urbanizasiya və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Binalarda enerji səmərəliliyinin artırılması: rəqəmsal həllər və regional əməkdaşlıq” mövzulu yan tədbirdə Azərbaycan və Türkiyə arasında binalarda enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafı, rəqəmsal həllərin tətbiqi və qabaqcıl təcrübə mübadiləsi müzakirə edilib. BOEMDA-nın direktoru Cavid Abdullayev iki ölkənin bu sahədə əməkdaşlığının nəticələri, binaların enerji sərfinin hesablanması, enerji effektivliyi siniflərinin müəyyənləşdirilməsi və pasportlaşdırılması proseslərinin rəqəmsallaşdırılması barədə danışıb. Eyni zamanda, Türkiyənin BEP-TR və Azərbaycanın Binalarda Enerji Effektivliyi Altsistemi (BEEİS) təqdim olunub, enerji səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların rolu və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
CECECO, Türkiyə Külək Enerjisi Assosiasiyası (TÜREB), Qlobal Külək Enerjisi Şurası (GWEC) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl enerji dəhlizləri və regional bağlantılar: elektrikləşmə üzrə əməkdaşlığın gücləndirilməsi” panel sessiyasında isə COP29 Sədrliyi tərəfindən irəli sürülmüş yaşıl enerji zonaları və dəhlizləri öhdəliyinin regional enerji bağlantılarının inkişafında əhəmiyyəti müzakirə olunub.
Tədbirdə beynəlxalq əməkdaşlığın, investisiya və maliyyələşmə imkanlarının genişləndirilməsinin enerji sistemlərinin əlaqələndirilməsi və iqtisadiyyatların elektrikləşdirilməsinin sürətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin yaşıl enerji dəhlizləri, eləcə də Azərbaycan–Türkiyə enerji bağlantısı regional əməkdaşlığın və transsərhəd enerji infrastrukturunun inkişafında mühüm istiqamətlər kimi diqqətə çatdırılıb.
Subyekt.az