![]()
Bu gün Azərbaycanın görkəmli rəssamı, pedaqoq, Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyi tamam olur.
Davud Mehdi oğlu Kazımov 1926-cı il noyabrın 9-da Bakıda, İçərişəhərdə anadan olub. İlk rəssamlıq dərslərini Xalq rəssamı Kamil Xanlarovun rəhbərlik etdiyi dərnəkdə alıb. 1941–1945-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Uzun illər pedaqoji fəaliyyət göstərərək gənc rəssam nəslinin yetişməsinə töhfə verib.
Rəssamın yaradıcılığında “Əsgərin qarşılanması”, “Konsert-tapmaca”, “Çimərlikdə”, “Uşaq konsultasiyası”, “Neftçilər” və “Qurban Abbasovun portreti” kimi əsərlər xüsusi yer tutur. Rəngkarlıqla yanaşı, qrafika və kitab illüstrasiyası sahəsində də fəaliyyət göstərib. Əsərləri Azərbaycanın müxtəlif muzeylərində və xarici ölkələrin şəxsi kolleksiyalarında qorunur.
1978-ci ildə Əməkdar rəssam, 1992-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülən Davud Kazımov 2015-ci il fevralın 14-də vəfat edib. Onun zəngin yaradıcılığı Azərbaycan təsviri sənətinin dəyərli irsidir.
Subyekt.az