![]()
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şanlı tarixində qürur, milli birlik və dövlətçilik iradəsinin təntənəsi kimi əbədi yaşayacaqdır. Bu möhtəşəm Zəfər xalqımızın uzun illər ərzində ürəyində yaşatdığı Qarabağ həsrətinə son qoyan tarixi hadisədir. Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq xalqımızın yenilməz ruhunun təcəssümüdür. Zəfər Günü şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz qəhrəmanlığı qarşısında ehtiram günüdür.
Bu tarixi qələbənin əldə olunmasında ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji idarəetmə və qətiyyətli xarici siyasət kursu həlledici rol oynamışdır. Dövlət başçısının nümayiş etdirdiyi prinsipiallıq, regional və qlobal güclərin təzyiqləri qarşısında göstərdiyi diplomatik müqavimət ordumuzun döyüş meydanındakı uğurlarını tamamlamışdıır. Onun xalqla birliyi, ordumuza göstərdiyi inam və müharibə dövründə nümayiş etdirdiyi prinsipial mövqe tarixi Zəfərimizin əldə olunmasını şərtləndirən ən mühüm amillərdən biri olmuşdur.
Bu Zəfər ilk növbədə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı hesabına qazanılmışdır.Böyük Quruluş Partiyası Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, sağlamlıqlarını Vətən yolunda fəda etmiş qazilərimizə isə sonsuz minnətdarlığımızı və dərin ehtiramımızı bildiririk.
Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, dövlətinə və ordusuna sarsılmaz bağlılığının parlaq nümunəsidir. Qarabağın azadlığı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi istiqamətində tarixi ədalət bərpa olunmuşdur.
Bu gün qarşımızda duran əsas vəzifə Zəfərimizin siyasi, iqtisadi və mənəvi nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarımızda həyatın bərpasına töhfə verməkdir. İnanırıq ki, milli birlik, güclü dövlətçilik və vətənpərvərlik ruhu Azərbaycanın gələcək inkişafının əsas dayaqları olaraq qalacaqdır. Böyük Quruluş Partiyası bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir, dövlətimizə davamlı tərəqqi, xalqımıza sülh və firavanlıq arzulayır.
Yaşasın müstəqil Azərbaycan!
Subyekt.az