![]()
Şimali Koreyanın müraciəti əsasında taekvondo döyüş sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi ehtimalı böyükdür.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 5-də UNESCO-nun qiymətləndirmə qurumu Şimali Koreyanın müraciətinin siyahıya daxil edilməsini tövsiyə edib. Yekun qərarın 30 noyabr – 5 dekabr tarixlərində Çinin Siamen şəhərində keçiriləcək 21-ci sessiyada qəbul edilməsi gözlənilir.
Cənubi Koreya mediası hökuməti bu məsələdə Şimali Koreyadan geri qalmasına görə tənqid edir.
Qeyd edək ki, hər iki Koreya dövləti 2018-ci ildə taekvondonun UNESCO siyahısına birgə daxil edilməsi imkanını müzakirə edib. Lakin ölkələrarası münasibətlərin pisləşməsi səbəbindən Şimali Koreya ortaq mövqedən çəkilərək, 2024-cü ilin martında “Koreya Xalq Demokratik Respublikasında ənənəvi döyüş sənəti olan taekvondo” adı altında öz müraciətini UNESCO-ya təqdim edib. Cənubi Koreya isə öz müraciətini bu ilin martında göndərib.
Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti dərc etdiyi redaksiya məqaləsində qeyd edir ki, hökumət milli idman növü olan taekvondonu dünyaya tanıtmasına baxmayaraq, bu sahədəki mədəni diplomatiyada geri qalıb.
Subyekt.az