![]()
”İnsan şüşə kimidir: dözdükcə səssizləşər, qırıldıqca kəskinləşər.”
İnsan təbiəti kainatın ən mürəkkəb, ziddiyyətli və eyni zamanda zərif mexanizmidir. Kənar təzyiqlərin qarşısında onun sərgilədiyi səbir bəzən zəiflik kimi qələmə verilsə də, əslində bu, daxili tarazlığı qorumaq üçün göstərilən səssiz və ağır bir mübarizədir. Hər bir insan daxilində görünməz sərhədlər, həssas duyğu qatları daşıyır. Cəmiyyətin, ətrafdakıların və ya zamanın basqısı altında qalan bu sərhədlər tükənməz deyil. Aristotelin fəlsəfi dərinliyini, insan psixologiyasının səbəb-nəticə əlaqələrini özündə birləşdirən bu həqiqət bizə sakit və heç kimlə işi olmayan insanların səbr daşının çatladığı an oyanan kəskin xarakterini başa düşməyin açarını verir.
Hər birimiz həyatda öz halında olan, heç kimin qəlbinə dəyməyən, səssizcə öz kiçik dünyasında yaşayan insanlarla qarşılaşmışıq. Onların bu sakitliyi laqeydlikdən deyil, daxili yetkinlikdən və böyük bir tolerantlıqdan qaynaqlanır. Şüşə necə ki üzərinə düşən işığı və sərtliyi özündə əks etdirirsə, belə insanlar da üzləşdikləri haqsızlıqları, sərt sözləri və ədalətsizlikləri ilk mərhələdə içinə çəkirlər.
Bu dövrdə yaşanan səssizlik zəiflik əlaməti deyil əksinə, bu, münasibətləri qorumaq, körpüləri dərhal yandırmamaq üçün sərgilənən bir səbirdir. Lakin hər bir materialın fiziki xassəsi olduğu kimi, insanın da psixoloji dözüm həddi var. Üzərinə həddindən artıq gedildikdə, sərhədləri davamlı olaraq tapdalandıqda, həmin sakit insan artıq köhnə halında qala bilmir.
Həddindən artıq sıxışdırılan, haqqı tapdalanan və səbri sui-istifadə edilən insanın daxili aləmində baş verən transformasiya qaçılmazdır. Şüşə zərbəyə dözməyib qırıldığı an onun qırıntıları iti və kəskin silaha çevrildiyi kimi, uzun müddət susan insanın qəlbi də param-parça olduqda onun xarakteri kəskinləşir.
Bu kəskinlik əsassız aqressiya deyil. Bu, haqlı müdafiə mexanizmidir. Özünü qorumaq, artıq manipulyasiyalara və haqsızlıqlara boyun əyməmək üçün atılan qətiyyətli addımdır. İllərlə susan, hər kəsin xətrinə dəyməməyə çalışan birinin birdən-birə kəskin və güzəştsiz mövqe tutması ətrafdakılar üçün adətən gözlənilməz olur. Lakin bu dəyişikliyin səbəbkarı həmin insanın özü deyil, onun səbrini tükədən, üzərinə həddindən artıq gedən mühitdir.
İnsanın təbiətindəki bu zəriflik və sərtlik ahəngi göstərir ki, hər kəsin dözüm sərhədinə hörmətlə yanaşmaq lazımdır. Sakitlik heç vaxt çarəsizlik kimi qəbul edilməməlidir; çünki ən dərin sular ən sakit görünənlərdir və hər bir səssizliyin arxasında oyanmağı gözləyən güclü bir xarakter dayanır.
Ataların “mərdi qova-qova namərd etməyin” sözüdə məsh bu fikrin üzərində formalaşıb…
Tural İbrahim
Yazıçı-publisist
Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Subyekt.az