![]()
“Balland” brendinin yaradıcısı, Kəlbəcərdən olan sahibkar və arıçı Sabir Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Bu münasibətlə “Subyekt.az” kollektivi adından Sabir Mustafayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə sahibkarlığın, kənd təsərrüfatının və ənənəvi təsərrüfat sahələrinin inkişafına da xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində doğma torpaqlarına qayıdan sakinlərin iqtisadi fəallığının artırılması, fermer və sahibkarların təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılır.
Kəlbəcərli arıçı Sabir Mustafayevin yüksək dövlət təltifinə layiq görülməsi də zəhmətə, istehsal fəaliyyətinə, sahibkarlıq təşəbbüslərinə və kənd təsərrüfatının inkişafına verilən dövlət qiymətinin bariz nümunəsidir.
“Balland” brendi vasitəsilə Kəlbəcərin arıçılıq ənənələrinin, təbii bal məhsullarının və bölgənin zəngin təsərrüfat potensialının tanıdılmasına töhfə verən Sabir Mustafayevin bu mükafata layiq görülməsi, eyni zamanda, Kəlbəcər ictimaiyyəti üçün də əlamətdar hadisədir.
İnanırıq ki, bu yüksək dövlət təltifi Sabir Mustafayev üçün yeni fəaliyyət istiqamətlərində əlavə stimul olacaq, onun gələcək uğurlarına təkan verəcək.
“Subyekt.az” kollektivi bir daha Sabir Mustafayevi təbrik edir, dövlətimizə və xalqımıza xidmət yolunda ona davamlı uğurlar arzulayır.





Kəlbəcər
Rövşən Hüseynli
Subyekt.az