![]()
Kəlbəcərli şairin “Heç bilmədik necə sevdik sevəndə…” adlı kitabı “Mücrü” nəşriyyatının “Poeziya” seriyasında işıq üzü görüb.
Kəlbəcərli şair Həjar Şamiloğlunun “Heç bilmədik necə sevdik sevəndə…” adlı yeni şeirlər kitabı nəşr olunub. Bu nəşr müəllifin Azərbaycanda çap olunan ilk kitabıdır.
Subyekt.az xəbər verir ki, 128 səhifədən ibarət kitab “Mücrü” nəşriyyatının “Poeziya” seriyası çərçivəsində oxuculara təqdim edilib. Nəşrə şairin oxucular arasında sevilən, dillər əzbərinə çevrilən şeirləri ilə yanaşı, yeni poetik nümunələri də daxil edilib.
Kitabın ərsəyə gəlməsində bir sıra yaradıcı şəxslər iştirak ediblər. Nəşrin naşiri Müşfiq Xan, texniki redaktoru Xanım Anela, dizayneri Teymur Fərzi, ədəbi məsləhətçisi Rəqsanə Süleyman, redaktoru isə Anar Amindir.
1966-cı ildə Kəlbəcərdə anadan olan Həjar Şamiloğlu indiyədək müxtəlif dillərdə 25 kitabın müəllifi kimi tanınır. Şairin yeni kitabının Azərbaycanda nəşri onun yaradıcılığının yerli oxucu auditoriyasına daha geniş təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Həjar Şamiloğlu Kəlbəcərin görkəmli ziyalısı, şairi və el ağsaqqalı Şamil Əsgərovun oğludur.
Şamil Səlim oğlu Əsgərov 1929-cu ilin sentyabrında Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. O, ədəbi yaradıcılığında Şamil Dəlidağ təxəllüsündən istifadə edib. Şamil Əsgərov şair, tərcüməçi, publisist, folklorşünas və muzeyşünas kimi tanınıb, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub və 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Şamil Əsgərovun fəaliyyəti yalnız ədəbi yaradıcılıqla məhdudlaşmayıb. O, uzun illər təhsil və idarəçilik sahələrində çalışıb, Kəlbəcərin maarifçilik ənənələrinin inkişafına töhfə verib. Rayonun xalq maarifi şöbəsinə rəhbərlik etdiyi dövrdə təhsil müəssisələrinin inkişafı istiqamətində fəaliyyət göstərib.
Onun Kəlbəcərin tarixi-mədəni irsinin qorunması sahəsindəki xidmətləri də xüsusi əhəmiyyət daşıyır. Şamil Əsgərovun təşəbbüsü və zəhməti ilə yaradılan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi rayonun tarixi, etnoqrafiyası və mədəni yaddaşının toplanıb qorunmasında mühüm rol oynayıb. Kəlbəcərin təbiətinə, tarixinə və insanlarına bağlılığı onun həm ictimai fəaliyyətində, həm də yaradıcılığında öz əksini tapıb.
2005-ci il aprelin 20-də Bakıda vəfat edən Şamil Əsgərov Kəlbəcərin ədəbi-mədəni tarixində iz qoymuş ziyalılardan biri kimi xatırlanır. Onun zəngin irsi doğma yurdun mənəvi dəyərlərinin yaşadılması baxımından əhəmiyyətini qoruyur.
Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabının nəşri bu baxımdan həm də Kəlbəcərin ədəbi ənənələrinin davamlılığını və söz sənətinə bağlılığını nümayiş etdirən əlamətdar hadisədir.
Qeyd edək ki, kitabın imza günü 25 oktyabr 2026-cı il, bazar günü, saat 14:00-dan 15:00-dək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək. Tədbir Bakı Ekspo Mərkəzində, “Mücrü” nəşriyyatının stendində təşkil olunacaq.
Bakı Ekspo Mərkəzi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti, 515 ünvanında yerləşir.

Subyekt.az