![]()
Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti, bp şirkətinin veteranı Qivami Rəhimli Misir Mərdanovla bağlı xatirələrini Subyekt.az AZƏRTAC-a istinadən bölüşüb. Onun təəssüratlarını təqdim edirik.
Misir Mərdanov Azərbaycan elminin və təhsilinin inkişafına uzun illər xidmət etmiş alim, pedaqoq və ictimai xadimdir. Onun Bakı Dövlət Universitetindəki fəaliyyəti, təhsil naziri kimi çalışdığı dövr və AMEA-da həyata keçirdiyi elmi araşdırmalar zəngin bir ömür yolunun müxtəlif mərhələləridir. Prezident İlham Əliyev oktyabr ayında dünyaya göz açmış Misir Mərdanovu 80 illik yubileyi ilə əlaqədar onun respublikamızın ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.
Bu əlamətdar hadisə münasibətilə Misir müəllimlə bağlı xatirələrimi bölüşmək, onunla birgə əməkdaşlığımızın bəzi məqamlarını yada salmaq istəyirəm. Bu xatirələr mənim üçün yalnız keçmişə qayıdış deyil, həm də təhsilin inkişafına, gənclərin yetişməsinə və insan kapitalının formalaşmasına xidmət edən təşəbbüslərin əhəmiyyətini bir daha vurğulamaq imkanıdır.
Müstəqilliyimizin ilk illərində ölkəmiz ciddi iqtisadi və sosial çətinliklərlə üzləşmişdi. Dövlət qurumlarının, o cümlədən ali təhsil müəssisələrinin maliyyə imkanları məhdud idi. Belə şəraitdə təhsilin inkişafı üçün ənənəvi imkanlarla yanaşı, beynəlxalq əməkdaşlıqdan və xarici maliyyə mənbələrindən yararlanmaq da vacib idi.
Həmin dövrdə mən Bakı Dövlət Universiteti nəzdində yaradılmış Beynəlxalq Mərkəzə rəhbərlik edirdim. Bu fəaliyyətim çərçivəsində xarici universitetlərlə əlaqələrin qurulmasına, tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanmasına və universitetə əlavə dəstək yollarının axtarılmasına çalışırdım.
1992–1994-cü illərdə Norveçin Oslo Universiteti ilə işgüzar əlaqələr quraraq, “Statoil” şirkətinin dəstəyi ilə azərbaycanlı tələbələrin həmin universitetdə müxtəlif kurslarda təhsil almasına nail oldum. Müstəqilliyimizin ilk illərində belə əlaqələrin yaradılması gənclərin yeni biliklər qazanması, beynəlxalq akademik mühitlə tanış olması və dünyagörüşünün genişlənməsi baxımından əhəmiyyətli idi.
1995-ci ildə mən “Əsrin müqaviləsi”ni həyata keçirən, neft konsorsiumu – Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətininə (ABƏŞ) dəvət aldım və bunula bərabər Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Yaranmış yeni imkanlardan istifadə edərək BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və tədris mühitinin yaxşılaşdırılması istiqmətində layihələrə dəstək verdim.
Gördüyüm bu işlərdən – ABƏŞ-in BDU-ya dəstək proqramlarından Misir məllim xəbərdar idi, lakin onunla birgə həyata keçirdiyimiz layihələr bu fəaliyyətin yeni mərhələsini təşkil etdi.
Misir Mərdanovla ilk görüşlərim müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, Bakı Dövlət Universitetinin rektoru kimi onunla 1998-ci ildə baş tutan görüşümüz əməkdaşlığımız baxımından xüsusilə yaddaqalan oldu.
Həmin vaxt mən gənc alimlərin elmi potensialını üzə çıxarmağa yönəlmiş bir layihə hazırlamışdım. Məqsədim çalışdığım neft konsorsiumu – ABƏŞ-in imkanlarından istifadə etməklə gənc tədqiqatçılara öz elmi işlərini təqdim etmək, biliklərini nümayiş etdirmək və gələcək elmi fəaliyyətləri üçün stimul qazanmaq imkanı yaratmaq idi.
Yadımdadır, universitetin nüfuzlu alimlərinin iştirak etdiyi Elmi Şuranın iclası başlamaq üzrə idi. İclas zalında tanınmış alimlər toplaşmış, müzakirə ediləcək məsələlərə hazırlaşırdılar. Belə bir məqamda rektorun vaxtını almaq, təbii ki, asan deyildi.
Mənim gəldiyimi bilən Misir müəllim, iştirakçılardan üzr istəyərək, görüşümüzə vaxt ayırdı və görüşdən sonra BDU-ABƏŞ əməkdaşlığı barədə Elmi Şuranı məlumatlandıracağını bildirdi. Qısa müzakirə zamanı gənc alim və tələbələrin elmi-tədqiqat işlərini stimullaşdırmağa, onların elmi potensialının üzə çıxarılmasına və neft sənayesi ilə bağlı araşdırmalara marağının artırılmasına xidmət edəcək müsabiqənin keçirilməsi barədə razılığa gəldik.
Bu, zahirən qısa və adi bir görüş kimi görünə bilərdi. Lakin mənim üçün həmin məqamın xüsusi mənası vardı. Bir tərəfdən, Misir müəllimin universitetin nüfuzlu alimlərinə göstərdiyi hörmət, digər tərəfdən isə gənc alim və tələbələrə dəstək verə biləcək təşəbbüsə dərhal diqqət ayırması idi.
Beləliklə, elmin və gənc tədqiqatçıların dəstəklənməsinə yönəlmiş bu ideya BDU ilə ABƏŞ arasında əməkdaşlığın konkret istiqamətlərindən birinə çevrilib.
Bu hadisə bir daha göstərdi ki, bəzən böyük işlərin başlanğıcı uzun müzakirələrdən deyil, vaxtında göstərilən diqqətdən, qarşılıqlı etimad və ortaq məqsədə inamdan keçir.
Beləliklə, 1998-ci ildə BDU ilə ABƏŞ-in birgə təşəbbüsü ilə “Neft və Azərbaycanın gələcəyi” mövzusunda gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsi təşkil olundu. Layihənin məqsədi yalnız elmi araşdırmaları təşviq etmək deyil, həm də Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlı məsələlərin gənc nəslin elmi maraq dairəsinə daxil edilməsinə dəstək vermək idi.
1998-ci ildə nəşr edilmiş “Neft və Azərbaycanın gələcəyi” kitabında müsabiqə barədə elan, qaliblər haqqında qərar və onların məqalələri yer almışdı. Nəşrin baş redaktoru professor Misir Mərdanov idi. Redaksiya heyətində akademiklər Fərəməz Maqsudov, Budaq Budagov və Akif Əlizadə, eləcə də tanınmış professor və dosentlər təmsil olunurdular.
Misir müəllimlə Bakı Dövlət Universitetində başladığımız gənc alim və tələbələrin elmi-tədqiqat işləri müsabiqəsi onun təhsil naziri olduğu dövrdə daha geniş sistemli əməkdaşlıq əsasında davam etdirildi.
Müsabiqənin təşkilində Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin və ABƏŞ/bp-nin iştirakı layihəyə geniş əhatə və institusional əsas verirdi. Təşkilat komitəsində təhsil və elm sahəsinin rəhbər şəxsləri, ali məktəblərin rektorları, tanınmış alimlər və şirkət nümayəndələri təmsil olunurdular.
Misir Mərdanovun BDU-nun rektoru olduğu dövrdə başlanmış təşəbbüsün onun Təhsil naziri kimi fəaliyyət göstərdiyi illərdə daha geniş əməkdaşlıq çərçivəsində davam etdirilməsi layihənin inkişafında mühüm mərhələ idi. Təhsil sisteminin rəhbəri kimi onun iştirakı və dəstəyi elmi ictimaiyyətlə dövlət qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, gənclərin elmi fəaliyyətinə diqqətin artırılması baxımından böyük önəm kəsb edirdi.
İllər keçdikdən sonra müsabiqənin qaliblərinin və iştirakçılarının sonrakı fəaliyyətlərini izləmək insanda xoş hisslər yaradır.
Müsabiqənin qalibləri arasında sonradan müxtəlif sahələrdə yüksək mövqelərə yüksələn şəxslər oldu.
Onlardan biri bu gün bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti vəzifəsində çalışan Bəxtiyar Aslanbəylidir. Müsabiqənin gənc tədqiqatçılar üçün yaratdığı imkanlar haqqında danışarkən onun adını xüsusi qeyd etmək istərdim. Bu gün Bəxtiyar Aslanbəyli vaxtilə özü üçün yeni imkanlar açan həmin təşəbbüsün ruhunu yaşadaraq, Azərbaycanda təhsil sahəsində həyata keçirilən mühüm layihələrə dəstək verir.
Digər qaliblər arasında sonradan Milli Məclisin deputatı seçilən Elman Nəsirov və hazırda Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə və digərlərin adını çəkmək olar.
Bu insanların sonrakı uğurlarını yalnız müsabiqənin nəticəsi kimi təqdim etmək düzgün olmazdı. Onların şəxsi zəhməti, təhsili, bilikləri və peşəkar inkişafı bu yolda əsas rol oynayıb. Bununla belə, gəncliyin ilk mərhələsində istedadın tanınması, uğurun qiymətləndirilməsi və insana etimad göstərilməsi onun gələcək inkişafı üçün əhəmiyyətli stimul olur.
1998–2001-ci illərdə həyata keçirdiyimiz əməkdaşlığın əhəmiyyəti yalnız elmi müsabiqələrlə bitmirdi. Bu dövrdə qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına yardım göstərilməsi, onların təhsil şəraitinin yaxşılaşdırılması və üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yönəlmiş təşəbbüslər də xüsusi yer tuturdu.
Həmin illərdə həyata keçirdiyimiz təşəbbüslər sırasında qaçqın və məcburi köçkün uşaqları üçün məktəblərin təmiri, yeni sinif otaqlarının tikintisi, dərs ləvazimatlarının paylanması xüsusi yer tuturdu. Məktəb ləvazimatlarının çatışmazlığı, təhsil şəraitinin çətinliyi və ailələrin ağır sosial vəziyyəti bu uşaqların gündəlik həyatına təsir göstərirdi.
Sabirabad və Saatlı rayonlarında məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün həyata keçirdiyimiz yardım proqramları xüsusi ilə yadda qalan oldu.
Bu işin yaddaşımda xüsusi iz buraxan cəhəti Misir Mərdanovun təhsil naziri olduğu dövrdə bizimlə birlikdə rayonlara, qaçqın düşərgələrinə səfər etməsi idi. Misir müəllimin bu prosesdə şəxsən iştirak etməsi təşəbbüsə xüsusi məna verirdi.
Nazirin yalnız müvafiq tapşırıqlar verməklə kifayətlənməməsi, görülən işlərə yerində qoşulması, uşaqların və ailələrin vəziyyəti ilə bilavasitə tanış olması təqdirəlayiq idi. Bu, təhsil sahəsindəki problemlərə yalnız inzibati məsələ kimi deyil, həm də insan taleləri ilə bağlı məsuliyyət kimi yanaşmağın nümunəsi idi. Əsas məsələ çətin şəraitdə yaşayan uşaqların təhsilini davam etdirməsinə kömək etmək, onların təhsil hüququna diqqət göstərmək və gələcəyə inamını qorumaq idi.
Təhsil naziri kimi onun şəxsən rayonlara getməsi və uşaqlara göstərilən dəstək prosesinə qoşulması rəhbərin məsuliyyətini bölüşməsinin və problemi yerində görməsinin əhəmiyyətini nümayiş etdirirdi.
Təhsilin inkişafına verilən töhfələr və bu sahədə həyata keçirilən uğurlu layihələr barədə Misir müəllimin “Əsrin müqaviləsi”ni həyata keçirən ABƏŞ-in tədbirində bp-nin baş icraçı direktoru Lord Con Braun ilə görüşü zamanı xüsusi vurğulaması, eyni zamanda, birgə əməkdaşlığımızın əhəmiyyətini ön plana çəkməsi mənim üçün xüsusi ilə yadda qalan olub.
ABƏŞ-in təhsil sahəsində həyata keçirdiyi layihələrin müəllifi və icraçısı kimi görülən işlərə yüksək qiymət verməsi məndə böyük qürur hissi doğururdu. Bu, həm görülən işlərin əhəmiyyətinin, həm də dövlət qurumları ilə şirkət arasında qurulmuş səmərəli əməkdaşlığın təqdir olunmasının ifadəsi idi.
Görüşdə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin və ABƏŞ/bp Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvordun iştirakı bu tədbirin əhəmiyyətini daha da artırırdı.
Hörmətli Misir müəllim, qoy zəngin həyat təcrübəniz və ziyalı mövqeyiniz gələcək fəaliyyətinizdə də faydalı təşəbbüslərin həyata keçirilməsinə töhfə versin. Yubileyiniz mübarək olsun! Elmi-pedaqoji, ictimai fəaliyyətinizdə və Qərbi Azərbaycan İcmasının işlərinə verdiyiniz töhfələrdə Sizə davamlı uğurlar arzulayıram.
Subyekt.az