![]()
“Şəhidim Xudayar” adlı mahnı və klipin təqdimat mərasimi keçirilib. Bəstəkar Sevinc Tofiqqizinin musiqi bəstələdiyi əsər Vətən müharibəsinin qəhrəman şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunub.
Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin yaşadılması, onların şücaətinin gələcək nəsillərə çatdırılması Azərbaycan cəmiyyətinin mənəvi dəyərlər sistemində mühüm yer tutur. Bu istiqamətdə musiqi və poeziyanın imkanlarından istifadə etməklə ərsəyə gələn sənət əsərləri şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılmasına töhfə verir.
Subyekt.az xəbər verir ki, bəstəkar Sevinc Tofiqqizinin Vətən müharibəsinin qəhrəman şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi “Şəhidim Xudayar” adlı mahnı və klipin təqdimat mərasimi keçirilib.
Mahnının sözləri Cavid Qurbanova, musiqisi Sevinc Tofiqqiziyə məxsusdur. Əsəri “Azəri İnc inciləri” vokal qrupunun solisti, solo ifaçı Dadaş Mirzəzadə ifa edib. Vokal qrupunun rəhbəri Gülnarə Qurbanovadır. Klipin rejissoru İntiqam Dadaşov, operatoru isə Orxan Ağaoğludur.
Bəstəkar Sevinc Tofiqqizi sosial şəbəkə hesabında paylaşdığı məlumatda təqdimat mərasiminin onun üçün qürurverici, duyğulu və unudulmaz bir gün olduğunu bildirib. O, yeni sənət əsərinin Azərbaycanın qəhrəman oğlu Xudayar Yusifzadənin Vətən sevgisinə, qəhrəmanlığına və xalqımızın yaddaşında əbədi yaşayacaq əziz xatirəsinə ithaf olunduğunu vurğulayıb.
Təqdimat mərasimində şəhid Xudayar Yusifzadənin anası Radə xanım, Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan-Ukrayna Alyansının rəhbəri Elmar Məmmədov, “Qarabağın Tutusu” kimi tanınan Rüxsarə xanım, Azərbaycanın Milli Qəhrəmanı İqor Kişinyakinin həyat yoldaşı Yana Kişinyakina, vəkil Əkbər Bağırov, eləcə də digər qonaqlar iştirak ediblər.
Bəstəkar paylaşımında Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Lalə Cəfərova-Qətiyə və mərkəzin bütün əməkdaşlarına təşkilati dəstəyə görə səmimi təşəkkürünü bildirib. O, həmçinin fotoqraf Araz Məmmədova minnətdarlığını ifadə edib.
Sevinc Tofiqqizi Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov başda olmaqla, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, onların ruhuna rəhmət diləyib.
“Şəhidim Xudayar” mahnısı şəhidlərimizin qəhrəmanlıq irsinin musiqi vasitəsilə yaşadılması, Vətən sevgisinin və milli yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır. Belə sənət nümunələri qəhrəmanlarımızın adlarının xalqımızın qəlbində daim yaşamasına xidmət edir.
Klipi izləmək üçün: https://youtu.be/lAvrSyfZx5E?feature=shared
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!



















Subyekt.az