![]()
Bişkekdə Türk dünyası parlamentləri arasında əməkdaşlığın inkişafı və ortaq gündəlikdə duran məsələlər müzakirə olunur
Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XV plenar sessiyası keçirilir. Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edir.
Milli Məclisin deputatı, Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Fazil Mustafanın paylaşdığı məlumata görə, Azərbaycan nümayəndə heyəti Türk dünyasının parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən bu mötəbər beynəlxalq tədbirdə təmsil olunur.
Qırğızıstanda keçirilən plenar sessiya türk dövlətləri arasında siyasi dialoqun genişləndirilməsi, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsinin artırılması və ortaq maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın TÜRKPA çərçivəsində iştirakı ölkəmizin Türk dünyasında həmrəyliyin gücləndirilməsinə, ortaq tarixi və mədəni irsin qorunmasına, eləcə də regional əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.
Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və parlament diplomatiyasının imkanlarından səmərəli istifadə edilməsi təşkilata üzv ölkələrin birgə təşəbbüslərinin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Qeyd edək ki, Türk Dövlətləri Parlament Assambleyası üzv dövlətlərin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraqların parlament diplomatiyası vasitəsilə təşviqi və Türk dünyasının inteqrasiya proseslərinə töhfə verilməsi məqsədilə fəaliyyət göstərir.

Subyekt.az