![]()
123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 26 avqust 2024-cü il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində Kəlbəcər rayonundan olan seçicilərlə növbəti görüş keçirdi.
Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev görüş iştirakçılarına namizədin tərcümeyi halı və seçki platforması barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, möhkəm təməlləri Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən müdrik siyasət nəticəsində Azərbaycan bu gün dünyada nüfuz sahibi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə, suverenliyimizin tam təmin olunması dövlətimizin qüdrətini daha da artırmışdır. Bu gün azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri ölkəmizin daha parlaq gələcəyindən xəbər verir.
Sonra namizədin vəkilləri – ziyalı, Əməkdar müəllim Hüseyn Şahbəndəyev, Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekan müavini, dosent Osman Mirzəyev, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev və başqaları çıxış edərək deputatlığa namizəd Mircəlil Qasımlı haqqında geniş məlumat verdilər. Bildirdilər ki, Mircəlil Qasımlı yüksək təhsili, idarəçilik məharəti, milli dəyərlərə bağlılığı ilə millət vəkilliyinə layiqli namizəddir.
Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Azərbaycan bu gün Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində öz inkişafının yeni mərhələsini yaşayır. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın yenilməz sərkərdəliyi ilə qazandığımız Zəfər hər birimizdə yüksək əhval-ruhiyə, gələcəyə daha böyük inam yaratmışdır. Vətəndaşlarımız suverenliyimizin tam təmin olunduğu bir şəraitdə bütün ərazilərimizdə keçirilən parlament seçkilərinə yüksək ovqatla gedir. Mən də seçicilərimə güvənərək 123 saylı Kəlbəcər Seçki Dairəsindən öz namizədliyimi irəli sürmüşəm. Ümid edrəm ki, seçicilərim mənə etimad göstərəcək, azad Kəlbəcərimizin yenidən qurulmasına və gələcək inkişafına birlikdə öz töhfələrimizi verəcəyik.
Geniş diskussiya şəraitində keçən görüşdə çıxış edən seçicilər bildirdilər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az