![]()
Kəlbəcərdə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyəti, şəhidlərin əziz xatirəsinin yaşadılması və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə fikirlər səsləndirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Kəlbəcərdə “27 Sentyabr: Əbədi yaddaş, əbədi ehtiram” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Dəyirmi masada çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, ölkənin iqtisadi və hərbi potensialının gücləndirilməsinin, ordu quruculuğuna göstərilən xüsusi diqqətin tarixi Zəfərin əldə olunması üçün mühüm zəmin yaratdığını bildiriblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.
Qeyd olunub ki, 2020-ci ildə əldə edilən tarixi Zəfər Azərbaycan xalqının həmrəyliyi, güclü və peşəkar Ordunun döyüş qabiliyyəti, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin qəhrəmanlığı ilə bağlıdır.
Tədbirdə şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların həyat və döyüş yolunun öyrənilərək gələcək nəsillərə çatdırılmasının mühüm mənəvi və ictimai əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, şəhidlərin keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixi yaddaşının ayrılmaz hissəsidir.
Çıxışlarda işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də həyatın yenidən canlandığı, genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, uzun illər doğma yurdlarından ayrı düşmüş insanların Kəlbəcərə qayıdışı və burada yeni həyatın qurulması əldə edilmiş Zəfərin mühüm nəticələrindəndir.
Vurğulanıb ki, bu gün Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri, doğma torpaqlara qayıdış və şəhər həyatının yenidən formalaşması şəhidlərin canı və qəhrəmanlığı bahasına qazanılmış tarixi Zəfərin nəticələrindən biridir.
Sonda şəhidlərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olaraq qalacağı bildirilib.








#Kəlbəcər #ŞərqiZəngəzur #DəyirmiMasa #AnımGünü #27Sentyabr
Subyekt.az