![]()
Bir kadrla bir dövlət mühakimə oluna bilərmi? – Bizcə, yox! – Olaylara bütöv baxmaq lazım, dərin baxmaq və geniş üfüqdən baxmaq lazımdır.
Bir fotoşəkil min söz söyləyə bilər. – Deyir, sözə baxaram sözmü deyə, deyəninə baxaram adammı deyə?.. Bəli, bəzən də bir fotoşəkildən min yanlış söz düzəldildiyini görürük. Hələ-hələ sosial media varkən, orada alqoritmik hoqqalar çıxarılarkən…
İsrailin Baş naziri Benyamin Netanyahunun 24 sentyabr 2026-cı ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı onlarla ölkənin nümayəndə heyətinin zalı tərk etməsi belə olaylardan oldu. Qardaş Türkiyə də etiraz edən ölkələr sırasında idi; lakin zalı hamı tərk etməmişdi. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, BƏƏ, qardaş Qazaxıstan və bir sıra başqa dövlətlərin nümayəndələri kimi Azərbaycanın nümayəndəsi də zalda qalmışdı. (Toplamda təxminən 70 nümayəndə heyətinin etiraz etdiyi bildirilir.)
Deməli, sosial mediada yayılan “hamı çıxdı, tək Azərbaycan qaldı” təqdimatı fakt yox, feykdir.
Amma məsələ yalnız yanlış bilgi(ləndirmə)dədirmi? –
Məsələ ondadır ki, bir diplomatik epizoddan Azərbaycanın Türkiyəyə, Fələstinə, İslam dünyasına münasibəti haqqında hökm çıxarmağa çalışanlar var. Özəlliklə qardaş Türkiyədə, Azərbaycanla Türkiyənin Arazdan aşağıdakı ortaq qonşusunda bizim haqqımızda işlədilən bəzi ağır ifadələr nə faktın özünə, nə dövlətlərarası münasibətlərin ruhuna, nə də tarixi yaddaşa sığır.
Çün dövlət siyasəti bir gənc diplomatın bir neçə dəqiqə boyunca hansı kresloda oturması ilə ölçülmür; ölçü – o diplomatın təmsil etdiyi dövlətin illər, onilliklər boyu hansı mövqedə dayanmasıdır.
Gəlin yaddaşımızı bir qədər təzələyək: 24 aprel 2014-cü il. Praqa.
Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının beş illiyinə həsr olunmuş sammitdə Ermənistanın o zamankı Prezidenti Serj Sarkisyan Türkiyənin iştirak etmədiyi həmin toplantıda 1915-ci il olaylarını və Türkiyə ilə bağlı məsələləri gündəmə gətirdi, yanlış, yarım-yapalaq şeylər üyütdü.
Azərbaycan Prezidenti İlham Əliyev oradaydı və ona sərrast cavab verdi.
Həmin gün yaddaşlarda qalacaq bir siyasi formul yarandı:
“Türkiyə burada yoxdur, mən buradayam!” – Bunun yalnız gözəl qardaşlıq cümləsi, ötəri siyasi jest olmadığı bəsbəllidir. Türkiyənin nümayəndəsinin olmadığı beynəlxalq masada Azərbaycanın dövlət başçısının Türkiyəyə yönəlmiş ittihamlara cavab verməsi nə ilk olub, nə də son bulub. Əlbəttə, qardaş ölkə rəhbərliyi, diplomatları da zaman-zaman eyni cür davranış sərgiləyib.
Bu belədir – biz qardaşıq; özü də belə qarşılıqlı siyasi-diplomatik dəstəklər, cəsarətli sözlər əsasən “Şuşa Bəyannaməsi”ndən öncələrdə olub. Belə demək olarsa, üzərimizdə hüquqi-siyasi öhdəlik olmadan da bizlər öz qardaşlıq məsuliyyətimizə, haqq-ədalətin diqtəsinə biganə qalmamışıq.
Praqa olayından 12 il keçdi…
2026-cı ilin yayında İsrail hökuməti 1915-ci il olaylarının “erməni soyqırımı” kimi tanınmasına dair qərar qəbul etdikdə Azərbaycan susmadı. Rəsmi Bakı qərardan ciddi rahatsızlığını bildirdi, İsrail hökumətini onu yenidən nəzərdən keçirməyə çağırdı. Daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə intensiv diplomatik təmaslar aparılıb və Azərbaycan tərəfinin ismarıcları İsrail tərəfindən ciddi qəbul edilib; məsələ Knessetdə irəli daşınmayıb. İsrail qaynaqları da Bakının diplomatik müdaxiləsi barədə bilgi yaydı.
Bunlar çox yaxın, bəzən istiliyi çəkilməmiş olaylardır.
Elə isə bir sual doğur: bir diplomatın BMT zalında qalmasını Azərbaycan–Türkiyə qardaşlığının ölçüsünə çevirmək istəyənlər həmin faktları niyə xatırlamır?
Azərbaycanın İsraillə münasibətləri var, bəli. Bəli, bunu heç kim gizlətmir.
Amma Azərbaycanın Fələstinlə də diplomatik münasibətləri var və onun rəsmi mövqeyi son dərəcə aydındır. Söhbət İsrail–Fələstin qarşıdurmasının beynəlxalq hüquq və BMT qərarları əsasında iki dövlət prinsipi ilə çözümündən gedir.
Azərbaycanın Ramallahda rəsmi nümayəndəlik ofisi fəaliyyət göstərir. Azərbaycan 2025-ci ildə BMT platformasında Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması şərti ilə iki dövlətli çözümə dəstəyini bir daha rəsmən ifadə edib.
Azərbaycan Fələstinə yalnız açıqlamalarla dəstək verməyib.
Rəsmi bilgiyə görə, 2023-cü ildən sonrakı gərginlik dönəmində Fələstin xalqına 2 milyon ABŞ dolları həcmində humanitar yardım ayrılıb; təhsil və səhiyyə layihələri həyata keçirilib.
Daha bir çox konkret fakt:
3 avqust 2026-cı ildə Prezident İlham Əliyev Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinə maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan–Fələstin protokolunu təsdiq edib.
Yəni Netanyahunun BMT-də çıxışından cəmi həftələr öncə Azərbaycan dövlətinin imzaladığı bəlgələrdən biri Fələstinin Bakıdakı diplomatik nümayəndəliyinə maliyyə dəstəyi haqqında idi.
Bax, “zal fotosu”nu şərh edənlər bu bəlgəni də həmin fotonun yanına qoysunlar…
Azərbaycan Respublikasının qonşuluq siyasəti seçmə yaddaşla qiymətləndirilə bilməz.
2026-cı ilin martında İranın Ali Dini Rəhbəri Xameneinin həlak olmasından sonra Prezident İlham Əliyev Bakıdakı İran səfirliyinə gedərək başsağlığı verdi və matəm kitabına ürək sözlərini yazdı. Bu, dövlət başçısı səviyyəsində diqqətçəkici qonşuluq və humanitar həmrəylik örnəyi idi.
Sonrakı hərbi gərginlik dönəmində Bakı Tehrana irimiqyaslı humanitar yardımlar göstərdi. Prezident Məsud Pezeşkian Prezident Əliyevə bu yardıma görə təşəkkür etdi.
Avqust ayında Bişkekdə görüşərkən Prezident Pezeşkian həmin çətin günlərdə respublikamızın göstərdiyi mövqeyi, başsağlığını və humanitar yardımı yenidən yüksək qiymətləndirdi.
Həmin görüşdə masa üzərindəki Azərbaycan mineral suları ilə bağlı yaşanan kiçik epizod da diqqətdən yayınmadı. Prezident Əliyevin Azərbaycan suyuna yönəlik incə, amma aydın jestindən sonra hər iki Prezident Azərbaycan suyu içdi. Bəzən diplomatiyada böyük sözlər qədər belə kiçik jestlərin də öz dili olur…
Nəysə… Qayıdaq bu günə.
Bəli, biz sosial şəbəkə statuslarına ilişib qalmırıq; önəmli olan dövlətlərarası münasibətlərin bəlgələşmiş faktlarıdır.
Diplomatiyanı sosial medianın davranış qaydaları ilə ölçmək olmaz. – Bəzilərinin əsas yanlışlığı bəlkə də məhz buradadır.
Diplomatın zalda olması avtomatik olaraq tribunadakı natiqin söylədiklərini dəstəkləməsi, orada deyilənlərin ürəyinə sarı yağ kimi yayılması demək deyil. Axı belə olsa, beynəlxalq diplomatiyanın böyük hissəsini izah etmək mümkün olmazdı. Dövlətlər bir-biri ilə razılaşmadıqları halda da bir-birini dinləyir, danışıqlar aparır, diplomatik münasibətlər saxlayır.
Məgər bizim torpaqlar işğaldaykən dünyanın dörd yanından bizə “Ermənistanla (işğalçı ilə!) danışın”, “dialoqda olun”, “məsələni sülh yolu ilə çözün” kimi çağırışlar edilmirdimi?.. – Elə dostlar, qardaşlar və qonşular da belə çağırışlarda bulunmurdumu?
Biz o çağırışları qaxınca çevirmədik axı…
Azərbaycanın İsraillə münasibəti onun Fələstinlə münasibətini ləğv etmir. Fələstinə dəstək isə Türkiyə ilə qardaşlığın alternativi olmayıb, olmayacaq.
Tehranla qonşuluq münasibətləri də Bakının başqa paytaxtlarla bağlarına ziddiyyət yaratmır.
Müstəqil xarici siyasətin mahiyyəti elə budur: öz milli çıxarlarını, beynəlxalq hüququ və qəbul etdiyin prinsipləri başqa dövlətlərin münasibətlər sisteminin girovuna çevirməmək!
Uzun sözün qısası, bir kreslonun qarşısına bütöv tarix qoymaq olmaz.
Azərbaycanın dövlət siyasətini BMT zalındakı bir kreslo ilə ölçmək istəyənlərə görə yox, həqiqət adına anmaq lazımdır: Azərbaycanın Türkiyə ilə münasibətləri bir diplomatik jestdən çox-çox, qat-qat böyükdür.
Azərbaycanın Fələstin məsələsində mövqeyi bir fotoşəkildən çox daha genişdir.
Bakının Tehranla qonşuluğu bir sosial-media paylaşımından dərindir.
Dövlətlər haqqında hökm çıxararkən bir anın fotosuna ilişib qalmaqdansa, mövqelərin xronologiyasını oxumaq daha düzgündür.
Bəli, Azərbaycanın gənc diplomatı BMT zalında qalmışdı; amma tək qalmamışdı.
Bəli, Azərbaycan İsraillə münasibətlər saxlayır; amma Fələstin dövlətinin mövcudluğunu müdafiə edən, Ramallahda nümayəndəlik saxlayan, Fələstin xalqına humanitar yardım göstərən və Fələstinin Bakıdakı səfirliyinə maliyyə dəstəyi verən də Azərbaycandır!
Bəli, Azərbaycan özünün müstəqil xarici siyasətini yürüdür; amma eyni Azərbaycan Türkiyənin olmadığı masada “Türkiyə burada yoxdur, mən buradayam!” deyə bilmiş Azərbaycandır.
Hələ bir də bunu yada salaq. –
02 sentyabr 2020-ci il.
Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edir.
Dövlət başçısının görüşdəki çıxışından bəzi məqamları bölüşək:
“…Toxunmaq istədiyim …məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.
…Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Bax, belə!..
Deyirəm, gəlin, zalda kimin oturduğunu saymazdan öncə, tarixdə kimin kimin yanında dayandığını xatırlayaq. – Bəlkə də bugünkü mübahisəyə ən uyğun cavab elə budur.
Bizim diplomat çöldən məxsusən Netanyahunun çıxışını dinləmək üçün zala gəlməyib – öncə də orada idi, sonra da orada idi. Bir gənc diplomat o gün orada siyasi gimnastika ilə məşğul olmadı deyə bütün olmuşların üstündən xəttmi çəkilməlidir?
Əlində qalın xətt çəkməyə açılmış qara qələmlilər bir şeyi unutmamalıdır: Azərbaycan–Türkiyə qardaşlığı sosial medianın bir günlük gündəmindən, bir zalın bir neçə dəqiqəlik görüntüsündən çox-çox böyük tarixi, siyasi və mənəvi hadisədir.
Türkiyə Azərbaycanın qan, can qardaşıdır!
Tehran Bakının qonşusudur.
Fələstin xalqının dövlətçilik və təhlükəsizlik hüququ Azərbaycanın rəsmi şəkildə dəstəklədiyi prinsipdir.
İsraillə münasibətlər isə Azərbaycanın müstəqil xarici siyasətinin başqa bir zəruri istiqamətidir.
Bunların birinin mövcudluğu digərini avtomatik inkar etmir. – Bunu anlamaqçün çox yüksək savad tələb olunmur. – Dövlət siyasəti məhz bu mürəkkəb münasibətlər sistemində sınanır.
Ona görə də Bakıya münasibətdə də, Ankaraya, Tehrana, Fələstinə və İsrailə münasibətdə də eyni bir tələb keçərli olmalıdır:
Ədalətli olaq!
Faktı atıb feyki tutmayaq.
Yaddaşı seçərək – necə deyərlər, adda-budda işlətməyək.
Bir dəfə bir kresloda oturmağı görüb də, bir dövlətin illər boyu harada və necə haqqın yanında dayandığını görməyi bacarmayanlar, heç olmasa, açıb tarixə baxsın…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az