![]()
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə start verdi. 44 gün sonra ölkəmiz 30 ilə yaxın davam edən işğala son qoydu və tarixinin ən parlaq səhifəsini yazdı. Bu gün həmin tarixi anın ildönümü kimi Azərbaycanda Anım Günü olaraq qeyd olunur. Bugün həm şəhidlərimizin xatirəsi önündə baş əyilən, həm də Zəfərin qürurunun yaşandığı gündür.
Lakin bu Zəfəri düzgün qiymətləndirmək üçün onun köklərinə nəzər salmaq lazımdır. 2020-ci ilin qələbəsi bir gündə qazanılmadı onun təməli onilliklər öncə, dövlətçiliyimizin ən ağır sınaqlar keçirdiyi dövrdə qoyulmuşdu. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan dövləti ciddi idarəetmə təcrübəsi olmayan siyasi qüvvələrin əlinə keçdi. 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat tandemi ölkəni sabitləşdirmək əvəzinə, bacarıqsız və məsuliyyətsiz idarəçiliyi ilə vəziyyəti daha da ağırlaşdırdı. Həmin dövrdə dövlət institutları demək olar ki, iflic vəziyyətinə düşmüşdü, ordu daxilində nizam-intizam pozulmuşdu, iqtisadiyyat çöküş həddinə çatmışdı. Bu bacarıqsız siyasətin ən acı nəticəsi isə Qarabağın və ətraf rayonların işğalı oldu. Xalq öz torpağını qoruya biləcək güclü, mərkəzləşmiş bir dövlətdən məhrum idi və bunun bədəlini ağır işğalla ödədi.
Məhz bu xaos və parçalanma təhlükəsi qarşısında xalq təcrübəli və uzaqgörən bir liderin, Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. 1993-cü ildə Ulu Öndərin siyasi rəhbərliyə dönüşü Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi oldu. Heydər Əliyev qısa müddətdə ölkədəki hərc-mərcliyə son qoydu, mərkəzi hakimiyyəti möhkəmləndirdi, atəşkəs əldə edərək canlı itkilərin qarşısını aldı və ən əsası – dağılmaq təhlükəsi ilə üz-üzə qalan dövlətçiliyimizi xilas etdi. Onun həyata keçirdiyi institusional islahatlar, ordu quruculuğuna verdiyi diqqət və neft strategiyası ilə ölkəyə gətirdiyi iqtisadi sabitlik gələcək qələbənin bünövrəsini təşkil etdi. Əgər 1993-cü ildə bu addımlar atılmasaydı, ola bilsin ki, Azərbaycan dövləti bu gün xəritədə mövcud olmazdı.
Heydər Əliyevin qoyduğu bu möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanı yeni mərhələyə, qalib dövlət mərhələsinə apardı. İyirmi ildən artıq davam edən məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən regionun lider dövlətinə çevrildi, ordumuz müasir silah-sursatla təchiz olundu, diplomatiya sahəsində Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırıldı. Bütün bunların məntiqi nəticəsi 2020-ci ilin payızında ortaya çıxdı: Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində otuz ilə yaxın işğal altında qalan torpaqları azad etdi. “Qarabağ Azərbaycandır!” sözləri artıq təkcə şüar deyil, real gerçəkliyə çevrildi.
Bugünki tarix xalqımız üçün ikili məna daşıyır. Bir tərəfdən bu, Vətən uğrunda canından keçən minlərlə şəhidin xatirəsi önündə ehtiramla baş əyilən, itkinin ağrısının hələ də canlı hiss edildiyi bir gündür. Digər tərəfdən isə bu, onilliklər boyu gözlənilən ədalətin bərpa olunduğu, milli qürurun yenidən dirçəldiyi bir tarixdir. Şəhidlərimizin qanı bahasına qazanılan bu Zəfər bizə xatırladır ki, güclü dövlətçilik, vahid rəhbərlik və xalq-iqtidar birliyi olmadan heç bir torpaq qorunub saxlanıla bilməz.
Şəhidlərimizin xatirəsi qarşısında bu gün bir daha and içirik: onların qanı ilə suvarılan torpaqlar əbədi azad qalacaq, dövlətçiliyimiz sarsılmaz olaraq yaşayacaq.
Şəhidlər ölməz, Vətən bölünməz!
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Subyekt.az