![]()
2007-ci il aprel ayının 1-də Quba şəhər stadionu ərazisində torpaq işləri görülərkən kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m² olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılmışdır. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. 30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Açılışda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etmişlər. Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: Xatirə abidəsi, Simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.
Qeyd edək ki, fəaliyyətə başladığı gündən kompleksi 1 milyondan çox insan ziyarət etmişdir. Onlardan 200 mindən çoxu xarici ziyarətçilərdir. Gələn yerli və xarici ziyarətçilərə 4 dildə – Azərbaycan, rus, ingilis və ərəb dillərində ətraflı məlumatlar verilir.

.

.

.

.

Subyekt.az