![]()
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli teatr xadimi, Azərbaycanın Əməkdar artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Mehriban Əliyeva başsağlığı mesajında Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında və teatr sənətinin təbliğində mühüm xidmətlər göstərdiyini bildirib.
Qeyd olunub ki, uzun illər səmərəli yaradıcılıq fəaliyyəti ilə seçilən Aleksandr Şarovski yüksək peşəkarlığı, sənətə bağlılığı və zəngin yaradıcılıq təcrübəsi ilə Azərbaycan teatrının inkişafına öz töhfələrini verib. Onun fəaliyyəti ölkənin mədəni həyatında mühüm iz buraxıb.
Aleksandr Yakovleviç Şarovski, həmçinin müxtəlif mədəni ənənələrin və dəyərlərin qarşılıqlı əlaqəsinin inkişafına xidmət edən fəaliyyəti ilə seçilib. Onun yaradıcılıq irsi Azərbaycan teatr sənətinin çoxəsrlik ənənələrinin müasir mərhələdə yaşadılmasına və yeni nəsillərə ötürülməsinə mühüm töhfə kimi qiymətləndirilir.
Görkəmli sənətkarın vəfatı Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyəti üçün ağır itki kimi dəyərləndirilir. Onun çoxillik sənət fəaliyyəti, yaratdığı obrazlar və teatr sənətinin inkişafına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq.
Mehriban Əliyeva mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
“Məkanın cənnət olsun, böyük Ustad!”
Subyekt.az