![]()
Bir ata həyat yoldaşı dünyasını dəyişəndə cəmi qırx beş yaşında idi.
Ona başsağlığı verməyə gələn hər kəs bir təklif irəli sürürdü: “Hələ yaşın azdır, yenidən evlənirsən” – deyirdilər.
O isə hər dəfə sadəcə gülümsəyir, on iki yaşlı oğlunun başını sığallayır və deyirdi: “Allah bu oğlanı rəhmətlik xatirinə mənə son əmanəti olaraq tapşırıb. Ömrümün qalan hissəsini bu əmanəti qorumağa sərf edəcəyəm.”
Həqiqətən də belə etdi. Bütün ömrünü oğluna fəda etdi. Yavaş-yavaş işləri yaxşılaşdı, dünyası isə yalnız həmin o bir oğulun təbəssümündən ibarət oldu. Arzularını, tənha gecələrini səssizcə torpağın altına basdı.
İllər keçdi.
Oğul böyüdü, təhsilini başa vurdu və bir gün ata bütün işləri ona tapşırdı.
Dedi: “Bu gündən sən idarə et, mən yorulmuşam.”
Oğul evləndi.
Gəlinin gəlişi ilə evə yeni bir rəng gəldi; pərdələr dəyişdirildi, mebellər yeniləndi, qab-qacaq dəyişdi, hətta mətbəxin düzəni də alt-üst oldu.
Bəs ata?
O da dəyişdi.
Bəzən kabinetdə oturar, bəzən köhnə dostlarının dükanında çay içər, axşamlar isə sadəcə yatmaq üçün evə qayıdardı. Öz evində elə gəzib-dolaşırdı ki, sanki başqa birinin evinə qonaq gəlib.
Bir gün hamı bir süfrə ətrafında əyləşmişdi.
Ata son tikəsini yeyərkən mehribançılıqla dedi: “Oğlum… Əgər qatıq varsa, zəhmət olmasa mənə də gətir.”
Mətbəxdən gəlinin səsi gəldi: “Bu gün evdə qatıq yoxdur, ata can.”
O sadəcə dedi: “Olsun…”
Bir qurtum su içdi və səssizcə süfrədən qalxdı.
Heç kəs onun üzünə baxmadı.
Adəti üzrə gəzmək üçün evdən çıxdı.
Hələ qapıdan çıxmamışdı ki, gəlin soyuducunun qapısını açıb, bir kasa soyuq qatıq çıxartdı və ərinin qabağına qoydu.
Dedi: “Hava çox istidir, sənin yeməyin qatıqsız olmaz.”
Oğul qatıq kasasına baxdı…
Sonra isə evin qapısına – atasının asta addımlarının səsinin asta-asta uzaqlaşdığı tərəfə baxdı.
Bir anlıq həyat yoldaşının gözlərinə baxdı.
Sonra heç nə demədən qatığı yedi.
Nə dava etdi, nə də nəsihət verdi.
Amma elə həmin gündən içində nəsə əbədi olaraq sönmüşdü.
Bir neçə gün sonra atasına dedi: “Ata, bu gün saat onda hazır olun. İdarəyə (notariusa) getməliyik.”
Ata soruşdu: “Nə üçün…?”
Oğul cavab verdi: “Sizin evlənməyiniz üçün.”
Qəzet atanın əlindən düşdü.
Dedi: “Dəli olmusan? Bu yaşda? Mənim artıq evlənməyə ehtiyacım yoxdur. Bütün ömrümü sizin üçün keçirmişəm.”
Oğul ilk dəfə olaraq atasının gözlərinə elə baxdı ki, sanki bir kişinin başqa bir kişinin fədakarlığını necə dərk etdiyini göstərirdi.
Asta səslə dedi: “Ata… mən özümə ana gətirmirəm, həyat yoldaşıma da qaynana .
Mən sadəcə istəyirəm ki, sizin üçün bir kasa qatıq hazırlayan biri olsun.”
Otağı ağır bir səssizlik bürüdü; hətta saatın tik-tak səsi belə sanki utanırdı.
Oğul evin açarını cibindən çıxarıb masanın üstünə qoydu.
Dedi: “Bu gecə mən və həyat yoldaşım kiçik bir kirayə mənzilə köçürük. Sabahdan da sizin şirkətdə sadəcə bir işçi kimi çalışıb maaş alacağam; ta ki, bu evdə hər şeyi əlinizdən alanlar bir kasa qatıqın dəyərini də anlasınlar.”
Mətbəxdə şüşə stəkan gəlinin əlindən yerə düşüb .
Stəkanın sınma səsi zəif idi, amma qəlbində dərin bir yarıq yaratdı.
Titrək addımlarla bayıra çıxdı, həmin qatıq kasasını soyuducudan götürüb qayınatasının qarşısına qoydu və ağlaya-ağlaya onun ayaqlarının altında oturdu.
Dedi: “Ata can… Məni bağışlayın. Bu gün anladım ki, mən sadəcə sizdən qatığı əsirgəmədim, həm də haqqınıza girdim.”
Qayınata əsən əlləri ilə onun başını sığalladı. Gözləri yalnızlıq və qocalıq tənhağının göz yaşları ilə dolmuşdu.
Asta səslə dedi: “Qızım… Aclıq təkcə çörəyin olmaması deyil; əsl aclıq insanın öz evində artıq və yük olduğunu hiss etdiyi gündür.
Yaşar irəli gəlib atasının əllərindən tutdu..
O gündən sonra o evdə heç vaxt qatıq bitmədi və tükənmədi…
Çünki gəlin qatığı soyuducuya qoymamışdan əvvəl hörməti qəlbində yerləşdirmişdi.
Münasibətlər çörək və yeməklə davam etmir; hörmətlə qalıcı olur. Böyüklərə hörmətin azaldığı ev isə nə qədər neməti olsa da, bərəkəti asta-asta o evi tərk edər.
Dr.Hüseyn Soytürk
Subyekt.az