![]()
Bu gün Azərbaycanın milli istiqlal hərəkatının liderlərindən biri, görkəmli ictimai-siyasi xadim Əbülfəz Elçibəyin vəfat etdiyi gündür
Azərbaycan tarixinin müasir mərhələsində milli istiqlal, dövlət müstəqilliyi və milli özünüdərk ideyalarının formalaşmasında mühüm rol oynamış Əbülfəz Elçibəyin vəfatından illər ötür.
Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. İlk təhsilini Unuskənd məktəbində alan Əbülfəz Əliyev sonradan Ordubad şəhər 1 nömrəli orta məktəbində təhsilini davam etdirib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin, hazırkı Bakı Dövlət Universitetinin, Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirdikdən sonra SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi kimi əmək fəaliyyətinə başlayıb.
1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına ezam olunan Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrınadək Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Azərbaycana qayıtdıqdan sonra elmi fəaliyyətini davam etdirib və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olub.
1968-ci ildə aspirantura təhsilini başa vurduqdan sonra universitetin “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim kimi fəaliyyət göstərib. 1969-cu ildə “Tulunilər dövləti (868–905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
Elmi fəaliyyətlə yanaşı, milli düşüncə və ictimai-siyasi proseslər Əbülfəz Elçibəyin həyatında mühüm yer tutub. Sovet hakimiyyəti illərində milli istiqlal və türkçülük ideyalarını müdafiə edən mövqeyi onun təqiblərə məruz qalmasına səbəb olub.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq ittihamı ilə həbs edilən Əbülfəz Elçibəy 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edilib. Cəza müddətində Qaradağ daş karxanasında fiziki əməyə cəlb olunub.
Azadlığa çıxdıqdan sonra bir müddət işsiz qalan Əbülfəz Elçibəy 1976-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətini davam etdirib. Sonrakı illərdə böyük elmi işçi, şöbə müdiri və aparıcı elmi işçi vəzifələrində çalışıb.
1980-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsi ilə Əbülfəz Elçibəyin ictimai-siyasi fəaliyyəti də yeni mərhələyə qədəm qoyub. O, milli istiqlal hərəkatının aparıcı simalarından birinə çevrilib, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizədə fəal iştirak edib.
1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Əbülfəz Elçibəy müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edib. Onun prezidentliyi dövrü Azərbaycanın yeni dövlətçilik tarixinin mühüm və mürəkkəb mərhələlərindən biri kimi qiymətləndirilir.
Prezidentlik fəaliyyətindən sonra da milli dövlətçilik və ictimai-siyasi proseslərdə iştirakını davam etdirən Əbülfəz Elçibəy ömrünün son illərində doğma Kələki kəndində və Bakıda yaşayıb.
Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun vəfatı Azərbaycan ictimaiyyəti tərəfindən böyük itki kimi qarşılanıb. Elçibəy Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Əbülfəz Elçibəyin adı Azərbaycan tarixində milli istiqlal ideyasının, milli özünüdərk düşüncəsinin və müstəqil dövlətçilik arzularının siyasi ifadəçilərindən biri kimi qalır. Onun həyat yolu XX əsrin sonlarında Azərbaycanın keçdiyi mürəkkəb ictimai-siyasi proseslərin mühüm səhifələrindən birini təşkil edir.
Rövşən Hüseynli
Subyekt.az