![]()
Əlbəttə, istənilən inancın təhqir olunması yanlışdır və zəruri olduqda qanunla cəzalandırılır. Maraqlıdır ki, hər dəfə bu ifadə işlədilərkən xüsusi vurğulanan bir termin də var: mömin müsəlmanların inancı. Demək ki, başqa inancların da ayrı-ayrı mətnlərdə termin kimi istifadəsinə yol verilir: kommunistlərin inancı, mömin olmayan müsəlmanların inancı, təriqətlərin inancı, məzhəblərin inancı, feministlərin inancı, bütpərəstlərin inancı və s.
Burada bir mühüm məsələ dəqiqləşdirilməlidir. Təhqir olunan, gerçəkdənmi, möminlərin inancıdır? Mömin vəsfini üzərinə götürən insan üçün hansı tələblərə əməl etməsinin zəruriliyini heç düşündünüzmü? Hər ibadət edən mömin olsaydı, nəinki İslam arealı, bütün dünya güllü-gülüstan olardı. Digər yandan, inanc yalnız dini xarakter daşımır ki? Tək Tanrı inancından söhbət gedirsə, qanunvericilik belə bir inancı əgər əlahiddə statusda göstərirsə, o halda bu mövzuda iddia irəli sürmək mümkündür.
Bir sıra İslam və ya xristian adı ilə özünün siyasi quruluş formasını müəyyən etmiş dövlətlərdə belə qanunvericilik nümunələri mövcuddur və bir çox insanların totalitar baxış bucağından ittiham edilərək “dinə qarşı gəlmə” və ya “dini inancları təhqir etmə” adı ilə ən ağır cəzalara məhkum olunması məlumdur. Azərbaycan isə 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının 7-ci maddəsinə əsasən dünyəvi dövlətdir. Yəni Azərbaycan nə İslam dövləti, nə də teokratik dövlətdir. Burada sadəcə İslam dininə etiqad edən vətəndaşlar çoxluq təşkil edir.
Deməli, inanclı insan kateqoriyasına təkallahlı dinlərə inananlarla yanaşı, buddistlər, krişnaçılar, deistlər, ateistlər və başqaları da daxildir. Dövlət dinin qaydalarını tənzimləmir, sadəcə dünyəvi dövlətdə hər kəsin ictimai qaydaya zidd olmayan dini etiqadını və ya dinsizlik inancını sərbəst yaşamasına təminat verir.
Buradan da göründüyü kimi, son illərdə Azərbaycanda “inanclı insan” ifadəsi çox ciddi sui-istifadəyə məruz qalmışdır. Bu ifadənin yanlış yozumu məqsədli ideoloji baxışlardan qaynaqlansa da, bəzi savadsız media mənsublarının da bunu tirajlaması nəticəsində daha da yayılmışdır. Əsrlər boyu molla, keşiş, ravvin, rahib, şeyx, hacı, kərbəlayi, məşədi, seyid kimi dini-ictimai statuslar cəmiyyətin digər təbəqələrindən daha mötəbər məqamlar kimi tanındığından, bu proses dini düşüncənin yayğın olduğu bir çox xalqlar üçün də xarakterik olmuşdur.
Təsəvvür edin ki, Hindistanda milyonlarla insan inəyi müqəddəs sayır və ona sitayiş edir. Hələ müqəddəslik adı ilə kondisionerin suyunu içən qələbəliyi demirəm. Nepalda taxtabitiyə bu cür səcdə edən inanclılar var. Cənub-Şərqi Asiyada siçana səcdə edən inanclılara da rast gəlmək mümkündür. İslam arealında isə təkallahlı baxış bucağından Qurani-Kərimin ayələrinə istinad edərək onlara söyləsən ki, sənin inancın batildir, bunu nəinki xoş qarşılamazlar, hətta insana asanlıqla xəsarət də yetirə bilərlər.
Düşünün ki, bir hindistanlı köçüb Azərbaycana, müqəddəs saydığı inəyini də hansısa yolla bura gətirib. İnəyi həyətində, tövlədə saxlayıb hər dəfə ona ibadət ritualını yerinə yetirsə, kimsənin ona güldən ağır söz deməyə haqqı yoxdur. Elə ki, inək tövlədən çıxıb gəlib avtomobillərin hərəkət etdiyi yolun üstündə oturaraq hərəkətin dayanmasına səbəb oldu, onu kimsə yoldan qovub çıxaranda nə baş verəcək? Yaxud bu inək gedib buynuzu ilə bir vətəndaşı yaralayacaqsa, özünü qorumaq üçün vətəndaş zəruri müdafiə tədbiri görəcəksə, o halda bu nə olur? Hindlinin inancına hörmətsizlik, yoxsa təhqir?
Bir oğrunun inancı başqasının mülkiyyətinə aid olanı oğurlamaqdır. Evinin içində bu inancı daşıyan şəxsə dövlət bir söz deməz. Ancaq başqasının mülkiyyətində olan əşyanı oğurlayanda onu tutub dərhal cəzalandırar.
İndi hərənizin bir din, bir dinsizlik, bir məzhəb, bir təriqət üzərindən özəl inancınız var. Biriniz Quran aşiqi, biriniz Peyğəmbər aşiqi, digəriniz Əhli-beyt aşiqi, başqası İmam Zaman aşiqi, o biri isə Ayətullahın, Cübbəli Əhmədin və ya başqa bir şəxsin aşiqidir. Dünyəvi dövlət deyir ki, bu inanclarınızı qəlbinizdə, evinizdə və ibadətxananızda, ailə üzvlərinin və çevrənizin hüquqlarına müdaxilə etmədən yaşaya bilərsiniz.
Əgər sən israrla deyirsənsə ki, mən bunu teatr düzəldib küçədə də etmək istəyirəm, hamının gözü qarşısında özümü döyəcəyəm, başımı yaracağam, qışqırıb-bağıracağam, üz-gözümü bağlayıb ətrafda terrorçu şübhəsi yaradacağam, o halda dünyəvi dövlət başqa inanclı vətəndaşların maraqlarını əsas götürərək bunu ictimai qaydanın pozulması kimi qiymətləndirəcək və müvafiq tədbirlər görəcək.
Böyük ingilis filosofu və riyaziyyatçısı Bertrand Rassel “Siyasi ideallar” əsərində yazır ki, ilk növbədə din dövlətin müdaxilə etməməli olduğu bir sahə kimi tanınmalıdır. Qanunlara tabe olduğu müddətdə insanın xristian, müsəlman və ya yəhudi olması cəmiyyəti maraqlandırmamalıdır. Qanunlar da hər dinə mənsub insanın uyğunlaşa biləcəyi şəkildə müəyyənləşdirilməlidir.
Burada müəyyən sərhədlər vardır. Heç bir çağdaş dövlət insan qurban verməyi tələb edən bir dinə dözümlə yanaşmayacaqdır. Hindistandakı ingilislər yerli dini adətlərə qarışmamaq prinsipinə baxmayaraq, dul qalan qadının ölü əri ilə birlikdə yandırılması ənənəsinə son verdilər. Bəlkə də bu adətin qarşısını almaları yanlış sayıla bilərdi, ancaq hər bir avropalı böyük ehtimalla eyni addımı atardı.
Eyni prosesi Çar Rusiyası da Qafqazı işğal etdikdən sonra həyata keçirməyə məcbur oldu. Ənənəvi dinimizin, yəni o dövrün üst möminləri sayılan Molla İbrahimxəlilin, Molla Sadığın, Şeyx Nəsrullahın arzularının əksinə olaraq qadınların kölə kimi satışını, yetkinlik yaşına çatmadan nikaha daxil olmasını qadağan etdilər, qan intiqamını caiz sayan adətləri ləğv edərək dünyəvi hüquq sistemini məcburi şəkildə bərqərar etdilər.
O dövrdə “inanclı” dediyiniz insanlar, yəni baba və nənələrimiz, Kefli İsgəndərin sözünə yox, İsfahandan gəlmiş dinimizin lotusu Şeyx Nəsrullaha ali mənəvi instansiya kimi baxırdılar və bu islahatları həyata keçirmək müstəmləkə rejimi üçün də böyük iradə tələb edirdi.
İndi reallıqlarımız xeyli dəyişib. İnanmıram ki, Sovet dövründə – 1986-cı ildə möhtəşəm aktyor heyəti ilə dini cəhalətə və xurafata qarşı çəkilmiş sənət incisi olan “Qəm pəncərəsi”nə bənzər bir filmi müstəqillik dövründə qaragüruhun təzyiqindən ehtiyat etmədən hansısa rejissor çəkməyə cəsarət etsin. Bu sahədə bir addım irəli, yüz addım geri düşdüyümüz məqamı burada da axtarmağınız faydalı olardı.
Yaxud Nepalda bir hoteldə yaşayan xarici şirkət əməkdaşlarından biri inanclı bir nepallının yanında taxtabitini öldürmüşdü. Ruhunun taxtabitiyə köçdüyünə inanan yüzlərlə nepallı həmin əcnəbini cəzalandırmaq üçün hotelin qarşısına axışıb gəlmişdi. Kütləni sakitləşdirmək məqsədilə taxtabitinin canına qıyan həmin əcnəbini hökumət ölkədən deportasiya etmişdi.
Anlaşılmayan bir məqam qaldımı? Azərbaycanda inanclı insanın sosial, hüquqi və mədəni xarakterli problemləri, əlbəttə, ola bilər və vardır. Ancaq hansısa dürüst, siyasətə və ideologiyaya alət olmayan insanın dini inancı ilə bağlı ciddi problem yaşadığını iddia etmək, ABŞ Dövlət Departamentinin dini vəziyyətlə bağlı illik hesabatına material verməkdən və bu əsasla mühacirətə getməkdən başqa bir niyyət daşımadığı qənaətinə gəlməyə əsas verir.
Çünki minlərlə vətənsevər, dəyərli, ağıllı və əxlaqlı dindar tanıyıram ki, öz dini inancını kimsənin gözünə soxmadan, səviyyəli davranışı ilə cəmiyyətdə böyük etibar qazanan vətəndaşlarımızdır. Başqa dövlətlərin siyasətinə xidmət etməyi, öz Vətəninin və dövlətinin maraqlarını satmağı möminlərin inancı, din və ya məzhəb aşiqliyi kimi gündəmə soxuşduranların da dönüb həmin insanlara baxması və onları örnək götürməsi daha bəsirətli davranış olardı.
Subyekt.az