![]()
Bəzən tarixdə elə məqamlar yetişir ki, zamanın taleyini dəyişən hadisələrin başlanğıcı böyük orduların yürüşü ilə deyil, zamanında və yerində deyilmiş bir cümlə ilə qoyulur. Elə sözlər var ki, minlərlə silahlı əsgərin gücünə bərabər mənəvi qüvvə yaradır, xalqın milli ruhunu oyadır, onu vahid amal ətrafında səfərbər edir.
Əsrlərin ağrı-acısından, onilliklərin işğal utancından, milli qürurumuzu sarsıdan faciələrdən qurtuluş yolunun başlanğıcı da məhz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünya siyasi tarixində özünəməxsus yer tutan “Qarabağ Azərbaycandır və nida işarəsi!” tarixi bəyanatı oldu. Bu qətiyyətli söz yalnız siyasi mövqe deyil, bütöv xalqın iradəsinin, dövlətin sarsılmaz əzminin və tarixi ədalətin bərpasına aparan müqəddəs yolun manifestinə çevrildi.
Uzaqgörən dövlət rəhbərinin müdrik siyasəti, dəmir iradəsi, yüksək sərkərdəlik məharəti, Prezident–Ordu–Xalq birliyinin misilsiz həmrəyliyi, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin qəhrəmanlığı nəticəsində Azərbaycan tarixi Zəfərinə qovuşdu. Bu gün qalib ölkənin vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Artıq üzümüz ağ, alnımız açıq, qamətimiz dikdir.
Bu gün işğaldan azad edilmiş bütün bölgələrimizdə olduğu kimi, dünyanın cənnəti adlandırılan Kəlbəcərdə də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni elektrik yarımstansiyaları tikilir, müasir avtomobil yolları, körpülər və tunellər inşa olunur, yaşayış məntəqələri yenidən qurulur, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımız mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdırlar.
Cənab Prezident Kəlbəcəri yenidən Cənubi Qafqazın ən gözəl diyarlarından birinə çevirmək barədə verdiyi vədə hər gün əməli fəaliyyəti ilə sadiq qaldığını nümayiş etdirir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət göstərir ki, Böyük Qayıdış təkcə dövlət proqramı deyil, milli həmrəyliyin, tarixi ədalətin və gələcəyə inamın təcəssümüdür.
Məhz buna görə də hər bir vətəndaş dövlətimizin həyata keçirdiyi bu müqəddəs missiyaya öz imkanları daxilində töhfə verməyi mənəvi borc hesab etməlidir. Dövlətimizin siyasətini və prinsiplərini rəhbər tutaraq Böyük Qayıdışın daha da sürətlənməsinə dəstək vermək məqsədilə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Comərd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təşəbbüsü və dəstəyi ilə kənd sakinlərinin böyük əksəriyyətinin könüllü şəkildə qoşulduğu təşəbbüs qrupu yaradıldı.
Kənd əhalisinin təxminən 90 faizinin razılığı və fəal iştirakı ilə yolların bərpası, erməni vandalizmi nəticəsində dağıdılmış qəbirstanlığın, talan edilmiş ata-baba məzarlarının və şəhidlərimizin əziz xatirəsinin layiqincə əbədiləşdirilməsi məqsədilə xüsusi hesab açıldı və könüllü fəaliyyətə start verildi.
İcra nümayəndəsinin yaxından göstərdiyi dəstək, dövlətçiliyimizə hər zaman sədaqətlə xidmət edən kəndin vətənpərvər gəncləri Elçin Həmidovun, Hikmət Əliyevin, Emin Abbasovun, Ramil İbrahimovun, kəndin fəal sakinləri Məhər Həmidovun, Ziyəddin Həsənovun, Natiq Əliyevin, Səfər Piriyevin, Rauf Xəlilovun, İlham İbrahimovun, Elxan Piriyevin, Məhəmməd Abbasovun, Birinci Qarabağ müharibəsinin qəhrəman şəhid ailələrinin nümayəndələri Hikmət Əliyevin, Çingiz Məmmədovun, Vüqar Həsənovun, Vasif Həsənovun, Niyaz Əliyevin, İdris Abbasovun, İlyas Piriyevin, Elçin Əliyevin və digər kənd sakinlərinin həmrəyliyi nəticəsində texnika cəlb olunaraq kənd yolunun ilkin mərhələdə bərpasına başlanıldı.
Şübhəsiz ki, dövlətimizin diqqət və qayğısı, cənab Prezidentin dəstəyi ilə gələcəkdə bu işlər daha müasir standartlara uyğun, daha yüksək səviyyədə davam etdiriləcəkdir. Təşəbbüs qrupunun əsas məqsədi yolların bərpasından sonra kənd qəbiristanlığının yenidən qurulması, şəhid məzarlarının abadlaşdırılması, kəndin girişində yaşayış məntəqəsini tanıdan lövhənin və şəhidlərimizin adlarını, keçdikləri şərəfli döyüş yolunu əks etdirən xatirə kompleksinin yaradılmasıdır.
Bu təşəbbüs təkcə abadlıq işi deyil. Bu, doğma yurda mənəvi bağlılığın, milli yaddaşın qorunmasının, gələcək nəsillərə tarixi mirasın ötürülməsinin və dövlətə sədaqətin bariz nümunəsidir. Kənd sakinlərinin ən böyük arzusu doğma Comərddə yenidən yaşamaq, bu torpağın əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərini, örnək adət-ənənələrini və dövlətə, dövlət başçısına olan sarsılmaz ehtiramını gələcək nəsillərə çatdırmaqdır.
Biz qəti əminik ki, hər gün inkişaf edən, qüdrəti daha da artan Azərbaycan dövlətinin qəbul etdiyi strateji qərarlar nəticəsində yaxın gələcəkdə Kəlbəcərə gediş-gəliş daha da asanlaşacaq, Böyük Qayıdış prosesi sürətlənəcək, həsrət və intizar içində yaşayan minlərlə insanın doğma yurdunu ziyarət etmək imkanı daha da genişlənəcəkdir.
Taleyin acı hökmü ilə ömrünün otuz ilini doğma el-obasından uzaqda keçirmiş, artıq ömrünün ahıl çağını yaşayan, sağlamlıq imkanları məhdud olan sakinlərimizin bəzilərinə bəlkə də bu torpaqlarda yenidən yaşamaq nəsib olmayacaq. Lakin onların ən müqəddəs arzusu əbədi məkanlarının ata-baba yurdunda olması, ruhlarının doğma torpaqda rahatlıq tapmasıdır. Bu, təkcə bir insanın yox, bütöv bir nəslin və bütöv bir elin mənəvi haqqıdır.
Bu müqəddəs işdə maddi və mənəvi dəstəyini əsirgəməyən, zəhməti keçən, xeyirxah təşəbbüsə qoşulan hər bir insana dərin minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Yaşasın yenilməz Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan xalqının milli birliyi!
Yaşasın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər tarixini yazan qüdrətli Azərbaycan dövləti!





Adil Həmid
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Subyekt.az