![]()
(Milli mətbuatdan müstəqil milli mətbuata: Zəfər dönəminin yeni məsuliyyəti)
22 iyul – “Əkinçi”nin gün üzü gördüyü bu gün milli düşüncənin sözlə təşkilatlanmasının, ulusun özünüdərk iradəsinin mətbu ifadəyə çevrildiyi gündür. Elə buna görə də biz bu günü sadəcə “Mətbuat Günü” olmaqdan daha doğma – Milli Mətbuat Günü adlandırırıq.
151 il öncə Həsən bəy Zərdabi “Əkinçi”ni nəşr edərkən Azərbaycanın milli dövləti yox idi. Azərbaycan xalqı Çar Rusiyasının hakimiyyəti altında yaşayırdı; ölkənin digər böyük hissəsi isə Qacar dövlətinin tərkibində idi. Milli dövlət yox idi, ancaq millət vardı. Siyasi suverenlik yox idi, ancaq ulus yaddaşı, ana dili, milli ruh yaşayırdı. Məhz buna görə Həsən bəy Zərdabi dövlət qəzeti açmadı, millətin qəzetini yaratdı.
Bu həqiqət “Əkinçi”nin tarixini anlamağın əsas açarıdır.
Həsən bəy – Həsən kimi Həsən, bəy kimi bəy – o adı gözəl, işi gözəl, yolu gözəl kişi ulusun maariflənməsini, milli oyanışı və ictimai tərəqqini qəzet vasitəsilə mümkün hesab edirdi. O bilirdi ki, milli dövlət qurulmazdan öncə milli şüur formalaşmalıdır. Dövlət bəzən tarixin hökmü ilə itirilə bilər, ancaq milli yaddaş qorunarsa, dövlət yenidən qurular.
Azərbaycan mətbuatının tarixində “milli” anlayışı məhz bu anlamı daşıyır.
XX yüzilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti quruldu. İyirmi üç ay yaşaya bilən bu dövlət milli mətbuatın inkişafına yeni nəfəs verdi; lakin 1920-ci ilin işğalından sonra Azərbaycan yenidən dövlət müstəqilliyini itirdi. Sovet dönəmində texnologiyalar dəyişdi, çap imkanları genişləndi, radio və televiziya yarandı, jurnalistika peşəkarlaşdı. Ancaq bütün bunlarla yanaşı, milli söz daim müəyyən çərçivələr içində yaşamağa məcbur idi.
Sovet mətbuatı məktəb yaratdı, peşəkarlıq formalaşdırdı, yeni texniki imkanlar qazandırdı; bununla belə, milli yaddaşın ifadəsi tam sərbəst deyildi. Çünki milli dövlət yox idi.
Azərbaycanın ilk qəzeti yarananda milli dövlət yox idi.
İlk milli teatr yarananda milli dövlət yox idi.
İlk operamız, ilk kinomuz, ilk çap mətbəələrimiz yarananda milli dövlət yox idi.
Bu faktlar təsadüfidirmi?.. Onlar ulusumuzun cümhuriyyətindən öncə mədəniyyətini yaratdığını göstərən böyük tarixi həqiqətdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. İlk dəfə idi, milli mətbuat həm milli dövlətə, həm də dövlət dilinə söykənərək fəaliyyət göstərmək imkanı qazandı. Ancaq həmin dönəmdə arxalı Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və bir milyondan artıq soydaşımızın qaçqın, məcburi köçkün həyatı yaşaması milli dövlətin imkanlarını tam gerçəkləşdirməyə imkan vermədi.
Müstəqillik vardı, amma bütövlük yox idi.
Bayraq vardı, amma Xankəndidə dalğalanmırdı.
Konstitusiya vardı, amma ölkənin bütün ərazisində işləmirdi.
Bu səbəbdən milli mətbuat da öz enerjisinin böyük hissəsini işğal həqiqətlərinin dünyaya çatdırılmasına, informasiya mübarizəsinə, milli mövqenin müdafiəsinə yönəldirdi.
2020-ci ilin Zəfəri, 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə boyunca tam bərpası isə Azərbaycan tarixində tamamilə yeni mərhələ açdı.
Azərbaycan milli mətbuatı artıq tam suveren dövlətin informasiya məkanında fəaliyyət göstərir.
Bax, bunun sadəcə siyasi hadisə olmadığını bilirik.
Bu, milli jurnalistikanın mahiyyətini dəyişən tarixi mərhələdir.
Artıq jurnalistika yalnız işğal faktını dünyaya anlatmaq missiyası daşımır; o, qalib dövlətin inkişafını, yeni quruculuq mərhələsini, Qarabağın və Zəngəzurun (hələlik) gündoğarının dirçəlişini, milli mədəniyyətin yeni yüksəlişini peşəkar şəkildə müşayiət etməlidir.
Məhz buna görə son altı il, özəlliklə də son üç il Azərbaycan jurnalistikası üçün keyfiyyətcə yeni dönəmdir.
Milli mətbuatın qarşısında duran əsas vəzifələr sırasında milliliklə bəşəriliyin qarşı-qarşıya qalması kimi bir qayğımız yoxdur.
Əksinə, milli dəyərlər üzərində dayanaraq bəşəri dəyərlərə töhfə vermək alternativlərin ən yaxşısıdır.
Çünki yalnız öz kimliyini qoruyan ulus dünya mədəniyyətinə yeni söz deyə bilir.
Qloballaşma milli sərhədləri aradan qaldırmır; əksinə, milli simaların görünməsini daha da vacib edir. İnformasiya yüzilliyində kimliyini itirən toplum səsini də itirir. Ona görə də Azərbaycan jurnalistikası həm milli maraqları qorumalı, həm də bəşəri problemlərə açıq olmalıdır.
İqlim dəyişiklikləri, süni intellekt, rəqəmsal etik normalar, informasiya təhlükəsizliyi, kiberməkanda dezinformasiya ilə mübarizə, mədəni irsin qorunması, media savadlılığı – bunların hamısı artıq milli jurnalistikanın gündəliyinin ayrılmaz hissəsidir.
Milli olmaq dünyadan təcrid olunmaq demək deyil.
Milli olmaq dünyaya öz adınla çıxmaq deməkdir.
“Milli olmayan bəşəri ola bilməz.” (Asif Ata)
Azərbaycan jurnalistikası da bu gün məhz belə bir mərhələdədir.
Biz artıq yalnız tariximizi müdafiə edən mətbuat olmaqdan çıxıb gələcəyimizi quran mətbuat olmağı haqq edirik.
Çünki Zəfər yalnız ordunun qazandığı nəticə olaraq qalmır; Zəfərin mədəniyyəti də, təhsili də, iqtisadiyyatı da var.
Zəfərin jurnalistikası da olmalıdır.
Bu jurnalistika emosiyadan çox biliyə, təbliğatdan çox peşəkarlığa, hay-küydən çox arqumentə, sensasiyadan çox həqiqətə söykənməlidir.
Həsən bəy Zərdabinin “Əkinçi” ilə başladığı yolun ən böyük anlamı da bax budur: ulusun düşünən ağlını oyatmaq.
Bu gün həmin yol davam edir.
Fərq yalnız ondadır ki, artıq o yol müstəqil Azərbaycanın yolu, qalib Azərbaycanın yolu, tam suveren Azərbaycanın yoludur.
Milli mətbuatımızın bütün qurucularını – Həsən bəy Zərdabidən başlayaraq bu qutsal peşənin ömrünü sözə, həqiqətə və ulusa həsr etmiş ustadlarını dərin sayğılar və rəhmətlə anırıq.
Çağdaş media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları, analitikləri, media araşdırmaçılarını və informasiya cəbhəsində çalışan bütün yaradıcı insanları ürəkdən qutlayıram!
Qələmin vicdanı, sözün ləyaqəti, həqiqətin məsuliyyəti heç vaxt itməsin.
Bəli, güclü dövlətin güclü ordusu olduğu kimi, güclü milli mətbuatı da olmalıdır.
Və bu mətbuat Zərdabinin işığını, Cümhuriyyətin ruhunu, müstəqilliyin məsuliyyətini və Zəfərin inamını eyni anda yaşatmağı bacarmalıdır.
22 İyul – Milli Mətbuat Günümüz qutlu olsun!
Əkbər QOŞALI
Subyekt.az