![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Milli Mətbuat Günü münasibətilə mətbuatın cəmiyyətdəki rolu, müasir jurnalistikanın problemləri və inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Deputat medianın intellektual missiyasına, söz azadlığı və məsuliyyət balansına toxunaraq mövqeyini bu şəkildə ifadə edib:”Milli Mətbuat Günü sadəcə bir təqvim bayramı deyil. Bu gün, böyük maarifçimiz Həsən bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən ‘Əkinçi’ qəzetinin bizə miras qoyduğu intellektual missiyanı və məsuliyyəti xatırlamaq günüdür. Hesab edirəm ki, müasir Azərbaycan mediası harada və hansı formatda fəaliyyət göstərməsindən asılı olmayaraq, məhz bu tarixi təməllərə, maarifçilik ənənələrinə söykənməli, cəmiyyətin dünyagörüşünün artırılmasına və azad təfəkkürün formalaşdırılmasına xidmət etməlidir. Xüsusilə indiki qlobal informasiya çoxluğu və rəqəmsallaşma dövründə cəmiyyəti zəhərləyən saxta xəbərlərə, xaricdən idarə olunan təxribat xarakterli tezislərə və dezinformasiyalara qarşı mübarizə aparmaq hər bir peşəkar jurnalistin mənəvi borcudur.
Mətbuat dövlətlə cəmiyyət arasında ən mühüm və etibarlı informasiya körpüsüdür. Lakin bu körpünün möhkəmliyi birbaşa media mühitindəki etik qaydalara riayət olunmasından asılıdır. Biz hər zaman söz və ifadə azadlığının qətiyyətli müdafiəçisi olmuşuq, lakin hər kəs bilməlidir ki, azadlıq özbaşınalıq demək deyil. Medianın tənqid etmək hüququ toxunulmazdır, amma tənqidlə təhqirin, şəxsi qərəzliliyin sərhədləri qırmızı xətlərlə qorunmalıdır. Jurnalistika şəxsi ambisiyalardan və qərəzdən tamamilə uzaq olmalı, milli maraqlarımızın müdafiəsini, dövlətçilik prinsiplərimizi hər bir mülahizədən üstün tutmalıdır.Digər tərəfdən, biz keyfiyyətli və müstəqil mətbuat istəyiriksə, mətbuat subyektlərinin iqtisadi cəhətdən güclənməsinə, jurnalistlərin sosial rifahının yüksəldilməsinə xüsusi önəm verməliyik. Çünki medianın maddi müstəqilliyinin təmin olunması sahəyə peşəkar kadrların cəlb edilməsinə və qərəzsiz jurnalistikanın inkişafına birbaşa təsir göstərir. Bir sözlə, arzuladığım və formalaşmasını istədiyim media modeli- iqtisadi cəhətdən dayanıqlı, qərəzsiz, intellektual səviyyəsi yüksək olan və eyni zamanda xalqına, dövlətinə məsuliyyətlə xidmət edən mətbuatdır.
Bu gün həqiqətin tərəfində dayanan, cəmiyyəti doğru və obyektiv məlumatla təmin edən bütün jurnalistləri təbrik edirəm. Bu yol asan deyil-amma prinsipial mövqe, vicdanlı söz və güclü qələm hər zaman üstün gəlir. Sizə möhkəm iradə, aydın baxış və cansağlığı arzulayıram.
Subyekt.az