![]()
Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanının II ixtisas qrupu üzrə ölkə üzrə ən yüksək nəticəni Laçın rayonunun “Oğuz” tam orta ümumtəhsil məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib.
Subyekt.az xəbər verir ki, Paşa İsbəndiyarlı blok imtahanında maksimum nəticə – 400 bal toplayaraq respublika üzrə II ixtisas qrupunun yeganə maksimum bal toplayan məzunu olub.
Qeyd edək ki, o, buraxılış imtahanında 277,3 bal toplayıb. Bununla da buraxılış və blok imtahanlarının ümumi nəticəsi 677,3 bal təşkil edib ki, bu da yüksək akademik göstəricilər sırasında yer alır.
Paşa İsbəndiyarlı yalnız qəbul imtahanlarında deyil, fənn olimpiadalarında da uğurlu nəticələri ilə seçilib. Belə ki, o, Respublika Fənn Olimpiadalarının final mərhələsində coğrafiya fənni üzrə II yerə layiq görülərək bilik və hazırlıq səviyyəsini bir daha təsdiqləyib.
Bu uğur həm Laçın rayonunun, həm də Azərbaycan təhsilinin növbəti qürurverici nailiyyətlərindən biri kimi dəyərləndirilir.
Subyekt.az kollektivi Paşa İsbəndiyarlını qazandığı möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, ona ali təhsil həyatında və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır.
Subyekt.az