![]()
14 iyul 2026-cı il tarixində Ağdərə–Kəlbəcər avtomobil yolunun Umudlu kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Vətən müdafiəçisi Nazim Əsgərovun ölümü onu tanıyan hər kəsi dərindən sarsıdıb. Taleyin acı ironiyası ondadır ki, vaxtilə düşmənin mühasirəsini yararaq sağ çıxdığı Umudlu torpağında bu dəfə avtomobil qəzası onun ömür yolunu yarımçıq qoydu.
Nazim Əsgərovun döyüş yolu, göstərdiyi şücaət və Vətənə xidmət nümunəsi ehtiyatda olan zabit Balay Nəsibovun müəllifi olduğu “Murovda qalan izlər” kitabının 425–427-ci səhifələrində öz əksini tapıb. Həmin xatirələr bir döyüşçünün keçdiyi ağır sınaqların, əzmkarlığın və Vətən sevgisinin canlı salnaməsidir.
Nazim Əsgərov həmin xatirələrində yazır:
««Umudlu kəndində mövqe tutub döyüş tapşırığını yerinə yetirirdik. Bir müddət sonra düşmən sağ və sol cinahlardan hücuma keçərək bizi Umudlu kəndində mühasirəyə aldı. İki gün ağır döyüşlər apardıq. Mühasirədə döyüşərkən itkilərimiz çox oldu. Sonradan bizə bildirildi ki, kömək göndərmək mümkün deyil, texnikaları məhv edib mühasirədən özümüz çıxmalıyıq. Texnikaları sıradan çıxardıq və Murovdağ istiqamətində piyada hərəkət etməyə başladıq. On iki hərbçi və Umudlu kəndindən iki sakinlə birlikdə, iki yaralı döyüş yoldaşımızı da geridə qoymadan beş gün ərzində Murov dağlarını aşaraq Goranboy rayonuna çatdıq. Daha sonra xidmət etdiyim zastavaya qayıdaraq döyüş xidmətimi davam etdirdim.»»
Onun döyüş yolu bununla bitmədi. 1992-ci il sentyabrın 1-də Söyüdlü zastavasının ikinci postunda erməni diversiya qrupunun hücumunun qarşısını alarkən ağır yaralandı. Qarın nahiyəsindən daxil olub belindən çıxan güllə qaraciyərini zədələmişdi. Kəlbəcər rayon xəstəxanasında və daha sonra Gəncə Hərbi Hospitalında keçirdiyi mürəkkəb əməliyyatlardan sonra yenidən xidmətə qayıtdı.
İstisu qəsəbəsində taborun şəxsi heyəti qarşısında tabor komandiri polkovnik-leytenant Eldar Həsənov və qərargah rəisi kapitan Balay Nəsibov tərəfindən qəhrəman kimi təqdim olunması onun həyatının ən qürurlu anlarından biri oldu. Lakin aldığı ağır yaraların fəsadları sonradan da davam etdi və 1994-cü ildə sağlamlıq vəziyyətinə görə hərbi xidmətdən tərxis edildi.
Nazim Əsgərov ömrünün ən çətin sınaqlarından qalib çıxmış, Vətən uğrunda canını ortaya qoymuş döyüşçülərdən idi. Onun həyat yolu Azərbaycan əsgərinin iradəsinin, vətənpərvərliyinin və fədakarlığının parlaq nümunəsidir.
Bu gün isə həmin qəhrəmanın adı döyüş salnaməsinə daha bir kədərli səhifə ilə yazılır. Vaxtilə düşmən mühasirəsini yararaq sağ çıxdığı Umudlu torpağında baş verən avtomobil qəzası onun ömür yoluna son qoydu.
Allah Nazim Əsgərova rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun. Onun göstərdiyi igidlik, keçdiyi şərəfli döyüş yolu və Vətənə sədaqəti xalqımızın yaddaşında daim yaşayacaq.




Subyekt.az