![]()
“Söz odası” jurnalının ikinci sayı işıq üzü görüb. Jurnalın bu nömrəsində də müxtəlif mövzularda maraqlı yazılar yer alıb.
Dərgi doktor Nağdəli Zamanovun “Aşıq Şəmşir yaradıcılığında tibbi etika” adlı elmi məqaləsi ilə açılır. Nəşrdə daha sonra şair-publisist Əkbər Qoşalının Sabir Rüstəmxanlı yaradıcılığına həsr etdiyi yazı təqdim olunur.
“Ədəbiyyat tarixi” rubrikasında Gəncə Dövlət Universitetinin müəllimi Vüsal Hicranın “Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının filoloji tərcüməsinə bir baxış” sərlövhəli araşdırması əsərin orijinal mətni ilə müxtəlif tərcümələrinin müqayisəli təhlili baxımından xüsusi diqqət çəkir.
Poeziya səhifələrində tanınmış el şairi Bimar Əlinin, Ərəstun Kamalın, Ruqiyyə Səmədin, İsmayıl İmanzadənin, Rahilə Hüseynqızının, Məmməd Mərzilinin, Sevinc Azadlığın, Daşqın Ziyəddinoğlunun, Rahim Üçoğlanlının, German Hüseynovun, Adil Həmidin, Namiq Zamanın, Elşən Qulusoyun, İbad Məmmədovun və Kərəm Kəlbəcərlinin müxtəlif mövzularda qələmə aldıqları şeirlər jurnalın poetik çəkisini müəyyənləşdirir.
Nəsr bölməsində Afaq Rəhimovanın essesi, Elşən Əzimin və Zümrüd Rəhimovanın hekayələri oxuculara təqdim olunur.
Folklor rubrikasında İlham Qəhrəmanın topladığı folklor nümunələri, eləcə də Jalə Nağıyevanın qırğız komuzunun mifoloji köklərinə həsr olunmuş yazısı Azərbaycan və ümumtürk folklor ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Jurnalın səhifələrini rəssam Afaq Rəhimovanın qrafika və kubizm janrında çəkdiyi rəsm əsərləri bəzəyir. Eyni zamanda gənc rəssamlar Ləman Mahmudzadənin və Aylin Mehdizadənin əsərləri “Bizim sərgi” rubrikasında təqdim olunur.
Subyekt.az