![]()
Azərbaycan mediası növbəti beynəlxalq uğurunu əldə edib. Tanınmış jurnalist Elşad Eyvazlı Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) Xarici Media Məclisinin sədri vəzifəsinə seçilib.
Qlobal Jurnalistlər Şurasının növbəti Baş Assambleyasında təşkilatın yeni rəhbər heyəti müəyyənləşdirilib. Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən, qurumun sədri Mehmet Ali Dim yenidən bu vəzifəyə seçilib. Eyni zamanda, idarəetmə orqanlarının və digər struktur bölmələrinin yeni tərkibi təsdiqlənib.
Səsvermənin nəticələrinə görə, Azərbaycan mediasını beynəlxalq platformalarda uğurla təmsil edən jurnalist Elşad Eyvazlı Qlobal Jurnalistlər Şurasının Xarici Media Məclisinin sədri seçilərək təşkilatın rəhbərliyində təmsil olunmaq hüququ qazanıb.
Bu seçim Azərbaycan jurnalistikasına göstərilən beynəlxalq etimadın növbəti nümunəsi kimi qiymətləndirilir. Elşad Eyvazlının beynəlxalq media təşkilatında rəhbər vəzifəyə seçilməsi ölkəmizin informasiya məkanında artan nüfuzunun və Azərbaycan mediasının qlobal əməkdaşlıqdakı rolunun daha bir göstəricisidir.
Qeyd edək ki, Qlobal Jurnalistlər Şurası dünyanın müxtəlif ölkələrindən jurnalistləri və media rəhbərlərini bir araya gətirən nüfuzlu beynəlxalq media platformalarından biridir. Təşkilat media azadlığının təşviqi, peşəkar jurnalistikanın inkişafı və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Subyekt.az olaraq Elşad Eyvazlını bu nüfuzlu vəzifəyə seçilməsi münasibətilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq.
Subyekt.az