![]()
Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Hidayət Nemət oğlu Süleymanovun sadələşdirilmiş ekstradisiya proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.
Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Hidayət Süleymanovun özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin anasının adına olan torpaq sahəsində ev tikintisi, eləcə də dövlət orqanlarından icazələrin alınması daxil olmaqla bütün işlərin görüləcəyi barədə yalan vədlər verməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini törətməkdə təqsirləndirilməsi barədə qərar qəbul olunub və onun istintaqdan yayınaraq gizləndiyinə görə Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışı elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.
Subyekt.az