![]()
Qazaxıstan Respublikası dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan yeni bir mərhələyə daxil olmuşdur. İyulun 1-dən etibarən ölkədə yeni Konstitusiyanın qüvvəyə minməsi yalnız hüquqi sistemin yenilənməsi deyil, həm də siyasi idarəetmənin, dövlət institutlarının və cəmiyyətin inkişaf istiqamətlərinin yenidən müəyyənləşdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Prezident Qasım-Jomart Tokayev yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə xalqa müraciət edərək bunu Qazaxıstan tarixində yeni dövrün başlanğıcı kimi səciyyələndirmişdir. Dövlət başçısının vurğuladığı kimi, ölkə bundan sonra siyasi və iqtisadi islahatların dərinləşdirilməsi, idarəetmə sisteminin müasirləşdirilməsi və dövlət institutlarının daha səmərəli fəaliyyət göstərməsi istiqamətində genişmiqyaslı addımlar atmağı qarşıya məqsəd qoyur.
Yeni Konstitusiya ölkənin siyasi sistemində mühüm dəyişikliklər nəzərdə tutur. Bu dəyişikliklərdən biri əvvəlki ikipalatalı parlament modelinin yerinə birpalatalı Qurultayın yaradılmasıdır. Yeni qanunverici orqanın yalnız siyasi partiyalar əsasında formalaşdırılması siyasi institutların fəaliyyətinin daha sistemli təşkilinə xidmət edir. Bununla yanaşı, vitse-prezident vəzifəsinin təsis edilməsi dövlət idarəçiliyində səlahiyyət bölgüsünün daha çevik həyata keçirilməsinə imkan yarada bilər.
Konstitusiya islahatlarının digər mühüm istiqamətlərindən biri ali məsləhətçi qurum kimi Xalq Keneşi (Xalq Şurası) institutunun yaradılmasıdır. Bu qurumun fəaliyyətinin dövlət qərarlarının hazırlanması prosesində ictimai rəyin və müxtəlif təbəqələrin mövqeyinin nəzərə alınmasına əlavə imkanlar yaradacağı gözlənilir. Eyni zamanda əvvəlki Qazaxıstan Xalq Assambleyasının ləğv edilməsi dövlət idarəetməsində yeni institusional modelin formalaşdırıldığını göstərir.
Yeni Konstitusiyanın qüvvəyə minməsi ilə yanaşı, qanunvericilik bazasının da tam şəkildə yenilənməsi nəzərdə tutulur. Yeni Qurultaya seçkilərin keçirilməsi, hüquqi və siyasi konsepsiyaların qəbul edilməsi, eləcə də bütün qanunların Konstitusiyanın tələblərinə uyğunlaşdırılması 2026-cı ilin avqust ayınadək həyata keçirilməsi planlaşdırılan əsas vəzifələr sırasındadır. Bu isə islahatların yalnız hüquqi sənədlərlə məhdudlaşmadığını, onların praktiki idarəetmə mexanizmlərində də öz əksini tapacağını göstərir.
Son illərdə Qazaxıstan iqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Yeni Konstitusiya ilə həyata keçirilən islahatlar həmin iqtisadi və institusional inkişaf strategiyasını tamamlayan mühüm hüquqi baza rolunu oynaya bilər.
Qazaxıstanın qarşıya qoyduğu məqsəd – müasir, çevik və səmərəli dövlət idarəetmə modelini formalaşdırmaq, hüququn aliliyini möhkəmləndirmək və davamlı inkişaf üçün əlverişli şərait yaratmaqdır. Bu baxımdan yeni Konstitusiyanın qüvvəyə minməsi ölkənin gələcək inkişaf strategiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Müasir dövrdə dövlətlərin uğuru yalnız təbii sərvətlərlə deyil, həm də güclü hüquqi sistem, səmərəli idarəetmə, ictimai sabitlik və uzunmüddətli inkişaf strategiyası ilə müəyyən edilir. Qazaxıstanın həyata keçirdiyi konstitusiya islahatları da məhz bu istiqamətdə atılmış mühüm addımlardan biri kimi ölkənin siyasi sabitliyinin, iqtisadi tərəqqisinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət etməyi hədəfləyir.
Qəvami Sadıqbəyli