![]()
Azərbaycanlı məktəbli Yusif Qurbanov Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) uğurla çıxış edərək bürünc medala layiq görülüb.
Kəlbəcər rayonunun Bəzirxana kəndindən olan, tanınmış riyaziyyat müəllimi Qafil müəllimin oğlu Yusif Qurbanovun əldə etdiyi bu nəticə Azərbaycanın beynəlxalq fənn olimpiadalarındakı növbəti uğurlarından biri kimi qiymətləndirilir. Gənc riyaziyyatçının qazandığı medal uzunmüddətli hazırlığın, məqsədyönlü əməyin və yüksək intellektual potensialın göstəricisidir.
Beynəlxalq səviyyəli riyaziyyat yarışlarında əldə olunan nailiyyətlər ölkəmizdə istedadlı gənclərin yetişdirilməsi, elmə marağın artırılması və təhsil sahəsində aparılan məqsədyönlü fəaliyyətin mühüm nəticələrindən hesab olunur. Yusif Qurbanovun uğuru həm doğulduğu Kəlbəcər rayonu, həm də Azərbaycan təhsil ictimaiyyəti üçün qürurverici hadisədir.
Subyekt.az olaraq, Yusif Qurbanovu bu möhtəşəm uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək beynəlxalq yarışlarda daha böyük nailiyyətlər, yeni zirvələr və davamlı uğurlar arzulayırıq.
Subyekt.az