Screenshot
![]()
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi (MHTM) ilə Acıbadem Şirkətlər Qrupunun birgə təşkilatçılığı əsasında Bakı şəhərində keçirilən Azərbaycan–Türkiyə Beynəlxalq Hematologiya Konfransı hematologiya sahəsində çalışan mütəxəssisləri, alimləri və klinik praktikləri eyni platformada bir araya gətirib.
Konfransın açılış mərasimində çıxış edən MHTM-nin icraçı direktoru Sərdar Əsədov qonaqları və iştirakçıları salamlayaraq son illərdə Azərbaycanda hematologiya xidmətinin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, yüksək texnologiyalı tibbi xidmətlərin tətbiqindən və beynəlxalq əməkdaşlığın genişlənməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müasir elmi biliklərin paylaşılması və qabaqcıl təcrübənin öyrənilməsi ölkədə hematoloji xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verir.
Beynəlxalq elmi platformada pediatrik leykemiyalar, xroniki mieloid leykoz, həqiqi polisitemiya, talassemiya və digər hematoloji xəstəliklərin müasir diaqnostikası, innovativ müalicə protokolları, hematologiyada rəqəmsal təbabətin tətbiqi və süni intellekt texnologiyalarının perspektivlərinə dair elmi məruzələr təqdim olunub. Müzakirələr zamanı yeni klinik yanaşmalar, fərdiləşdirilmiş müalicə strategiyaları və multidissiplinar əməkdaşlığın üstünlükləri diqqət mərkəzində olub.
Konfransın yadda qalan məruzələrindən biri Türkiyənin tanınmış alimlərindən professor Ercüment Ovalının “İSİKOK-19: Türkiyə Akademik CAR-T Cell terapiyası təcrübəsi” mövzusunda çıxışı olub. Professor CAR-T hüceyrə terapiyasının klinik praktikada tətbiqi, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri barədə təqdimatla çıxış edərək iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin rəhbəri dr. Səhər İsmayılova isə “Azərbaycanda mezenximal kök hüceyrələrinin transplantasiya sonrası istifadəsi” mövzusunda məruzəsində transplantasiyadan sonrakı dövrdə mezenximal kök hüceyrələrinin tətbiqinin klinik üstünlüklərindən, müalicəyə cavab verməyən xəstələrdə əldə olunan perspektiv nəticələrdən və bu istiqamətdə aparılan elmi araşdırmalardan bəhs edib.
Konfrans çərçivəsində yerli və xarici mütəxəssislər arasında elmi fikir mübadiləsi aparılıb, auditoriyanı maraqlandıran suallar cavablandırılıb, gələcək birgə tədqiqatlar və əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan–Türkiyə Beynəlxalq Hematologiya Konfransı bir daha göstərdi ki, müasir hematologiyanın inkişafında beynəlxalq elmi əməkdaşlıq, innovativ texnologiyaların tətbiqi və süni intellekt əsaslı həllərin səhiyyəyə inteqrasiyası tibbin gələcək inkişaf istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Acıbadem Şirkətlər Qrupunun təşkilatçılığı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Respublika Qan Bankı və TƏBİB-in tərəfdaşlığı ilə keçirilib.












#Hematologiya #Talassemiya
Subyekt.az