![]()
Hörmətli Aqil müəllim və “Türküstan” qəzetinin dəyərli yaradıcı kollektivi!
Subyekt.az kollektivi adından “Türküstan” qəzetinin nəşrə başlamasının 20 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirik.
11 iyun 2006-cı il tarixində Azərbaycan mediasında özünəməxsus mövqeyə sahib olan “Türküstan” qəzeti fəaliyyətə başlayaraq, ötən 20 il ərzində milli-mənəvi dəyərlərin, Türk dünyasının ortaq ideallarının və jurnalistikanın peşəkar prinsiplərinin təbliğində mühüm missiya həyata keçirib.
Qəzetin Türk dövlətləri və xalqları arasında inteqrasiyanın gücləndirilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycan məsələsi, Türk xalqlarının tarixi, mədəni irsi və müasir inkişaf prosesləri ilə bağlı hazırladığı materiallar ictimai fikir mühitində mühüm informasiya və maarifləndirmə platforması formalaşdırıb.
“Türküstan”ın TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyətinin tanıdılmasına xidmət”, Beynəlxalq Türk Akademiyası tərəfindən “Türk dünyasına xidmət” kimi nüfuzlu mükafatlara layiq görülməsi qəzet kollektivinin uzun illər ərzində apardığı məqsədyönlü və prinsipial fəaliyyətinin yüksək qiymətidir.
Bu gün Turkustan.az elektron platforması da operativlik, obyektivlik və peşəkarlıq prinsipləri əsasında ölkənin ictimai-siyasi, sosial və beynəlxalq gündəminin işıqlandırılmasında öz sözünü deyən media resurslarından biridir.
Azərbaycan dövlətinin media sahəsinə, xüsusilə milli dəyərləri və Türk dünyasının birliyini təşviq edən nəşrlərə göstərdiyi diqqət və dəstək bu missiyanın ictimai əhəmiyyətini daha da artırır.
Hörmətli Aqil müəllim başda olmaqla “Türküstan” qəzetinin bütün yaradıcı kollektivinə möhkəm cansağlığı, yaradıcılıq uğurları, yeni nailiyyətlər və Azərbaycan mediasının inkişafı naminə fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayırıq.
20 illik yubileyiniz mübarək!
Rövşən Hüseynli
Subyekt.az