![]()
10 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib.
Tədbirin məqsədi uşaqların və yeniyetmələrin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eləcə də bu istiqamətdə aparılan elmi-praktik fəaliyyətin nəticələrinin ictimaiyyətə təqdim olunması olub.
Tədbiri giriş sözü ilə açan Bahar Muradova qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən və dövlət qurumlarının əsas fəaliyyət sahələrindən biri olmaqla yanaşı, bu istiqamətdə elmi ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının, ictimai sektorun və digər aidiyyəti tərəflərin fəal iştirakı da mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, hüquqların qanunvericilik bazasının yaradılması və onların icrasının təmin olunması ilə yanaşı, hüquq daşıyıcılarının öz hüquqlarını bilməsi, onları müdafiə etməyi öyrənməsi və bu prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır, cəmiyyətdə hüquq şüurunun formalaşdırılması uşaqlıq dövründən başlanmalı və bu istiqamətdə ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
B.Muradova, dövlət tərəfindən uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, onların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində mühüm addımların atıldığını deyib. Bu kontekstdə yaxın zamanda qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu xatırladan sədr bildirilib ki, qanunda uşaqlarda hüquq mədəniyyətinin və hüquqi şüurun formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Çıxış zamanı B. Muradova, aparılan tədqiqatın bu sahədə mövcud problemlərin və imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb, əldə olunan nəticələrin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, elmi, siyasi və hüquqi əsasların daha da təkmilləşdirilməsinə töhfə verəcəyini deyib.
“Uşaqlar və hüquq” kitabının hazırlanmasında əsas məqsədin uşaqların erkən yaşlardan milli-mənəvi və ailə dəyərləri əsasında formalaşmasına, hüquq düşüncəsinin inkişafına və məsuliyyətli vətəndaş kimi yetişməsinə dəstək vermək olduğunu qeyd edən sədr, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində uşaqlarda hüquq şüurunun erkən yaşlardan formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını söyləyib. Güclü və hüquqi dövlətin gələcəyinin hüquq və məsuliyyət hissinə malik, sağlam dəyərlərlə formalaşan uşaqların yetişdirilməsindən başladığını vurğulayan sədr, təqdimatın bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat işini təqdim edib. O bildirib ki, tədqiqatın əsas məqsədi ölkədə yeniyetmələrin hüquq düşüncəsinin mövcud vəziyyətini hərtərəfli təhlil etmək, bu sahəyə təsir göstərən amilləri müəyyənləşdirmək və mövcud boşluqların aradan qaldırılması üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır. 2000-ə yaxın şagird arasında keçirilən sorğu əsasında hazırlanan təhlinin nəticələri, metod və strukturu barədə ətraflı məlumat verib. Uşaqların hüquq savadlılığına nail olmaq məqsədilə təklif və strateji təşəbbüsləri səsləndirib.
Ardınca “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib. Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, nəşrin hazırlanmasında əsas məqsədin uşaqları öz hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin edilməsində ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından səmərəli istifadə etməyə və vəzifələrinə, davranışlarına məsuliyyətlə yanaşmağa təşviq etmək olduğunu bildirib. Qeyd edilib ki, kitab hazırlanarkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb, hüquqi biliklər bədii və həyati situasiyalara əsaslanan qısa hekayələr vasitəsilə təqdim olunub, eyni zamanda ədalət, empatiya və bərabərlik kimi bir çox dəyərlər də aşılanıb.
Çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkədə uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu yanaşmanın ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikrinə əsaslandığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqların və həssas qrupların hüquqlarının müdafiəsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.
Kamran Əliyev çıxışında “Azərbaycan Respublikasında uşaqlara dair 2020–2030-cu illər Strategiyası”nın əhəmiyyətini qeyd edərək, qanunvericiliyin daim təkmilləşdirildiyini və uşaqların hüquqlarının daha etibarlı müdafiəsi üçün kompleks islahatların aparıldığını diqqətə çatdırıb. O, 2025-ci ilin göstəricilərinə əsasən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı cinayət və zərərçəkmişlik halları üzrə statistik rəqəmləri açıqlayıb, hüquqi maarifləndirmə və profilaktikanın gücləndirilməsinin zəruriliyini qeyd edib. Təqdim olunan nəşrlərin uşaqların hüquqi biliklərinin artırılması və hüquq düşüncəsinin formalaşması baxımından əhəmiyyətini qeyd edib, bu istiqamətdə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, istənilən mövzu üzrə müzakirələrin elmi tədqiqatlara əsaslanması daha faydalıdır və bu baxımdan təqdim olunan tədqiqatın əhəmiyyətini vurğulayaraq, onun nəticələrinə metodoloji yanaşmanın vacibliyini qeyd edib.
Nazir uşaqların informasiya əldə etmə mənbələrinin dəyişdiyini, sosial media və rəqəmsal platformaların artıq əsas mənbələrdən birinə çevrildiyini qeyd edib. O həmçinin rəqəmsal dövrün təhsil və öyrənmə metodlarını dəyişdirdiyini, ənənəvi yanaşmalarla yanaşı yeni texnologiyaların, o cümlədən süni intellektin tədris prosesinə inteqrasiyasının zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd bu imkanlardan təhlükəsiz və səmərəli istifadə mexanizmlərinin formalaşdırılmasıdır. Sonda nazir təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının vacibliyini qeyd edərək, təqdim olunan tədqiqat və nəşrlərin bu istiqamətdə müzakirələr üçün mühüm əsas yaratdığını bildirib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, təqdim olunan tədqiqat hesabatının yeniyetmələrin hüquq düşüncəsinin formalaşması prosesini hərtərəfli araşdıran mühüm elmi mənbə olduğunu vurğulayıb. O, yeniyetməlik dövründə formalaşan hüquq düşüncəsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, bu sahədə aparılan empirik araşdırmaların hüquqi maarifləndirmə siyasətinin daha səmərəli qurulmasına xidmət etdiyini qeyd edib. A.Bağırov “Uşaqlar və hüquq” kitabının bu sahədə mövcud ədəbiyyat boşluğunu dolduran mühüm nəşr olduğunu vurğulayıb. O, kitabın vəkil ictimaiyyətinin uşaq hüquqları sahəsinə dərin bağlılığının, digər tərəfdən isə Vəkillər Kollegiyası üzvlərinin gündəlik peşəkar fəaliyyətlərindən kənarda da cəmiyyətə dəyərli töhfələr verdiyinin bariz nümunəsi olduğunu deyib. Bildirilib ki, təqdim olunan tədqiqat və kitab hüquqi maarifləndirmə sahəsində mühüm resurs olmaqla yanaşı, dövlət qurumları, təhsil müəssisələri, valideynlər və mütəxəssislər üçün də faydalı vəsait rolunu oynayacaq.
Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini İsmət Əliyev, Nazirlik tərəfindən uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən əməli və institusional tədbirlərin əhəmiyyətini vurğulayıb. O, təhsil prosesində uşaqların hüquqlarının qorunması və təhlükəsiz mühitin təmin olunması üçün görülən işlərin sistemli şəkildə davam etdirildiyini qeyd edib. Nazir müavini çıxışında müasir dövrdə uşaqların qarşılaşdığı risklərin təkcə fiziki mühitlə məhdudlaşmadığını, virtual məkanın da ciddi təhlükə mənbəyinə çevrildiyini qeyd edib. O bildirib ki, sosial şəbəkələr və digər rəqəmsal platformalarda psixoloji təzyiq, zərərli kontent, şantaj və onlayn istismar halları müşahidə olunur. Bu səbəbdən uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və maarifləndirilməsi istiqamətində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri, ailələr və vətəndaş cəmiyyəti institutları ilə birgə kompleks tədbirlər həyata keçirilir, məktəblərdə görüşlər təşkil olunur və müvafiq monitorinqlər aparılır.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışı zamanı uşaqların hüquq anlayışının erkən yaşlardan formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bu prosesdə ailənin və xüsusilə valideynlərin rolunu ön plana çəkib. Eyni zamanda hüquqi maarifləndirmənin genişləndirilməsinin vacibliyini qeyd edən S. Mahmudov bu istiqamətdə həyata keçirilən kampaniyaların əhəmiyyətini yüksək qiymətləndirib, təqdim olunan tədqiqat işi və kitabı mühüm elmi mənbə kimi dəyərləndirib.
Tədbir müzakirələrlə davam edib.

.

Subyekt.az