![]()
İyunun 5-də Yasamal rayon prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq Qapı” günü təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, habelə hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.
Tədbirdə çıxış edən Yasamal rayon prokuroru Elman Süleymanov iştirakçıları salamlayaraq qeyd edib ki, belə görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqun inkişafına, vətəndaşların hüquqi biliklərinin artırılmasına və prokurorluq orqanlarına ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir. O, rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlər, vətəndaş müraciətlərinə baxılması mexanizmləri və qanunun aliliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında müasir idarəetmə prinsiplərinin tətbiqi, rəqəmsal transformasiya istiqamətində görülən işlər, “Elektron prokurorluq” informasiya sisteminin imkanları və ictimaiyyətlə kommunikasiyanın təkmilləşdirilməsi sahəsində həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş yönümlülük, şəffaflıq və innovativ yanaşmalar əsas prioritetlər sırasındadır.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən iştirakçılara fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılar Yasamal rayon prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və fəaliyyəti barədə məlumat əldə ediblər. Həmçinin “Elektron prokurorluq” informasiya sisteminin funksional imkanları nümayiş etdirilib, müasir kriminalistik texnika və avadanlıqların istintaq prosesində istifadəsi barədə əyani təqdimat keçirilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb və xatirə fotoşəkli çəkdirilib.











