![]()
Azərbaycan Respublikası Milli Məclisində Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri dr. Fazil Mustafa, Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Hökumətinin Almaniyada yəhudi həyatı və antisemitizmlə mübarizə üzrə səlahiyyətli nümayəndəsi dr. Feliks Klayn, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri dr. Ralf Horlemann, Almaniya səfirliyinin siyasi məsələlər üzrə birinci katibi Benedikt Göbel və digər rəsmilər iştirak edib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Almaniya arasında mövcud əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətləri, o cümlədən humanitar, ictimai və parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Komitə sədri Fazil Mustafa Azərbaycanın tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc, qarşılıqlı hörmət və güvən ortamında birgə yaşadığı ölkə olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizdə multikulturalizm, tolerantlıq, dini etiqad azadlığı və mədəni müxtəlifliyin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Cəmiyyətdə fərqli etnik və dini icmalar arasında qarşılıqlı güvənə əsaslanan münasibətlərin formalaşdığını bildirən komitə sədri bu təcrübənin beynəlxalq səviyyədə də maraq doğurduğunu diqqətə çatdırıb.
Fazil Mustafa qanunverici orqanlar arasında təmasların genişləndirilməsinin, qarşılıqlı səfərlərin və fikir mübadiləsinin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov isə Azərbaycan–Almaniya münasibətlərinin son illərdə müxtəlif istiqamətlər üzrə dinamik inkişaf etdiyini deyib. O bildirib ki, parlament diplomatiyası dövlətlər arasında qarşılıqlı anlaşmanın, güvənin və əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüş zamanı multikultural dəyərlərin təşviqi, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, dini dözümlülük, antisemitizmlə və ayrı-seçkiliyin müxtəlif formaları ilə mübarizə sahəsində beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər çağdaş dünyada qarşılıqlı anlaşmanın, dialoqun və humanist dəyərlərin qorunmasının xüsusi önəm daşıdığını vurğulayıb.
Dr. Feliks Klayn Almaniyanın bu sahədə həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək, milli və dini ayrı-seçkiliklə mübarizənin demokratik cəmiyyətlərin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu bildirib. O, Azərbaycanın müxtəlif dini və etnik icmalar arasında harmoniyanın qorunması istiqamətində əldə etdiyi təcrübəni yüksək qiymətləndirib və bu istiqamətdə aparılan fəaliyyətin beynəlxalq əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə həmçinin vətəndaş cəmiyyətinin inkişafı, dini qurumlarla dövlət arasında əməkdaşlıq mexanizmləri, parlamentlərarası münasibətlərin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər Azərbaycan–Almaniya münasibətlərinin müxtəlif sahələr üzrə inkişaf etdirilməsinin önəmini vurğulayaraq, qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoqun və əməkdaşlığın davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.

Subyekt.az