![]()
Mədəniyyət Nazirliyi “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulunu elan edir.
Təqaüd Proqramı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəni və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə həyata keçirilir. Eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının 2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında xaricdə təhsil proqramları çərçivəsində mədəniyyət sahələri üzrə peşəkar kadrların hazırlanması, mədəniyyət sahəsində əmək bazarının tələblərinə cavab verən, yaradıcı və innovativ düşüncəyə malik kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulmuşdur.
Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS sahələrinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərmək istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz vəsaiti hesabına təhsil alan Azərbaycan Respublikası vətəndaşları Təqaüd Proqramına müraciət edə bilərlər.
Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:
1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya, oyun sənayesi)
2. Dəb sənəti
3. Dizayn
4. Kuratorluq
5. Memarlıq
6. Tədbirlərin təşkili
7. Mədəni və yaradıcı sahə üzrə menecment
8. Nəşriyyatlarla işin təşkili
9. Teatr, komediya və performans
10. Yaradıcı texnologiyalar
11. İncəsənət sahəsi (təsviri, tətbiqi və ifa sənətləri)
Təqaüd Proqramına qəbul prosesi iki mərhələdən ibarətdir: sənədlərin qiymətləndirilməsi və müsahibə mərhələsi.
Müraciət prosesi https://mystart.az/ informasiya resursu vasitəsilə elektron formada həyata keçirilir. Sayta daxil olmaqla Təqaüd Proqramında iştiraka dair qaydalarla, o cümlədən təqdim olunması tələb olunan sənədlərlə, üstünlük verilən ali təhsil müəssisələrinin və həmin müəssisələr üzrə ixtisas və ya proqramların siyahısı ilə tanış olamaq mümkündür.
Sənəd qəbulu 16 iyun 2026-cı il tarixinədək davam edəcək.
Təqaüd Proqramı ilə bağlı əlavə məlumat almaq üçün:
info@mystart.az
Qaynar xətt 147
Subyekt.az