![]()
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva tutduğu vəzifədən ayrılıb.
Subyekt.az xəbər verir ki, Nuranə Babayeva bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, 2024-cü ilin sentyabr ayından etibarən böyük qürurla icra etdiyi vəzifəsini tərk etmək qərarına gəlib.
O qeyd edib ki, fəaliyyət göstərdiyi müddətdə Kəlbəcərdə həyata keçirilən tarixi ilk böyük qayıdış prosesinin, ilk Şəhər Gününün, ilk festivalın və digər əlamətdar tədbirlərin təşkili və ictimaiyyətə çatdırılması işlərində iştirak etmək onun üçün böyük şərəf olub.
N.Babayeva vurğulayıb ki, Kəlbəcərin inkişafı və tanıdılması istiqamətində faydalı fəaliyyət göstərməyə çalışıb, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının ictimaiyyətə çatdırılmasında müəyyən pay sahibi olmaqdan qürur duyur.
Keçmiş mətbuat xidməti rəhbəri fəaliyyət dövründə Kəlbəcər sakinlərinin dəstəyini daim hiss etdiyini bildirib. Onun sözlərinə görə, rayon ictimaiyyətinin göstərdiyi etimad, dəstək və səmimi münasibət görülən işlərdə mühüm motivasiya mənbəyi olub.
Nuranə Babayeva eyni zamanda media nümayəndələrinə və həmkarlarına təşəkkürünü ifadə edərək, tədbirlərin operativ və peşəkar şəkildə işıqlandırılmasına, ictimaiyyətin düzgün məlumatlandırılmasına verdikləri töhfəyə görə minnətdarlığını bildirib.
Sonda o, birlikdə çalışdığı bütün şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Subyekt.az