![]()
Quba rayonundan Azərbaycan Yazıçılar Birliyinin üzvü Firəngiz Əhmədova Subyekt.az saytına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
Mən, Firəngiz Sabir qızı Əhmədova — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və 7 kitab müəllifi olaraq üzləşdiyim haqsızlıq və psixoloji təzyiqlərlə bağlı media nümayəndələrinə müraciət edirəm.
Uzun müddət işsizlik və ağır maddi çətinliklər içində yaşadıqdan sonra hörmətli Bahar xanım Muradovaya etdiyim müraciətdən sonra Quba şəhəri A.Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyində biologiya laborantı vəzifəsinə qəbul olundum. Lakin işə başladığım ilk gündən etibarən məktəbin direktoru Lalə Bədəlova tərəfindən mənə qarşı davamlı təzyiq, ayrı-seçkilik və psixoloji basqılar başladı.

İlk gündən Lalə Bədəlovaya “Xahiş edirəm, gəlin dost olaq” deməyimə baxmayaraq, münasibət dəyişmədi.
Əvvəlcə geyimimlə bağlı mənə təzyiq göstərildi. Qara klassik şalvar geyinməməyim, yalnız ətək geyinməyim tələb olundu. Maddi vəziyyətimin ağır olmasına, hər gün fərqli geyim almaq imkanımın olmamasına baxmayaraq, bu məsələ davamlı şəkildə mənə qarşı basqı vasitəsinə çevrildi.
Daha sonra isə bir dəqiqəlik gecikmələrə görə belə məndən izahat tələb olunmağa başladı. Mən azyaşlı övladını tək böyüdən bir ana olduğum üçün bəzən qısa gecikmələr qaçılmaz olur.
2026-cı il yanvarın 6-da daxili işlər naziri cənab Vilayət Eyvazovun Qubada keçirdiyi qəbulda iştirak etmək üçün əvvəlcədən bir saatlıq icazə almağıma baxmayaraq, həmin günə görə əməkhaqqımdan 16 manat 25 qəpik kəsildi. Hətta mənə “o qəbula getsən, sənə töhmət verib işdən çıxaracağam” deyildi.
Buna baxmayaraq, qəbula getdim və mənə göndərilmiş hədə-qorxu xarakterli mesajları cənab nazirin diqqətinə çatdırdım.
Bundan sonra məktəb rəhbərliyi tərəfindən mənimlə bağlı akt tərtib edildi və məktəbin rəhbər heyətinə imzaladıldı. Halbuki digər işçilərin icazəsiz şəkildə iş yerini tərk etməsi halları olsa da, onlara qarşı heç bir tədbir görülmür. Bu isə mənə qarşı qərəzli münasibətin açıq göstəricisidir.
Bütün bunlara baxmayaraq, işlədiyim müddətdə vəzifəmə vicdanla yanaşmışam. Sentyabr ayından etibarən Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən keçirilən riyaziyyat olimpiadaları üçün sualların hazırlanmasında, mürəkkəb diaqramların tərtibində iştirak etmişəm, vakant yerlərlə bağlı müəllimlərlə əlaqə saxlamışam. Lalə Bədəlovanın göstərişi ilə Quba Təhsil Sektorunda da bir gün fəaliyyət göstərmişəm. Sentyabrdan bəri üç kiçik, lakin məzmunlu tədbir təşkil etmişəm. Heç vaxt işdən yayınmamışam.

Lalə Bədəlova
Sonuncu dəfə aprel ayında Lalə Bədəlova dərslərinə girməyimi tələb etdi. Mən imtina etdiyimə görə, mənə qarşı qərəzli münasibət daha da sərtləşdi. Aprel ayından etibarən kollektiv daxilində mənə qarşı bulinq mühiti yaradılıb, işçilər mənim üzərimə yönləndirilir və davamlı psixoloji təzyiq göstərilir. Artıq mənəvi olaraq tükənmiş vəziyyətdəyəm. Bütün bu çətinliklərə yalnız azyaşlı qızıma görə dözməyə çalışıram.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun müəllimə bu barədə yazsam da, heç bir nəticəsi olmayıb. Əksinə, ona müraciət etdikdən sonra ümumi kitabxanada istifadə etdiyim masa və stul götürüldü.
Lalə Bədəlova hər gün bir işçiyə göstəriş verir ki, Firəngiz kitabxanada oturmasın. Halbuki məktəb fəaliyyətə başladığı gündən laborantlar kitabxanada əyləşiblər. Yalnız kimya laborantı istisna təşkil edib.
Mən tək ana kimi görmə problemi olan övladımı böyüdürəm. Kirayədə yaşayıram. Aylıq əməkhaqqım cəmi 381 manat 25 qəpikdir, bunun 270 manatı kirayəyə gedir. Qalan məbləğlə həm özümün, həm də övladımın yaşayışını təmin etməyə çalışıram.
Buna baxmayaraq, məktəb direktoru tərəfindən mənə davamlı olaraq “səni gec-tez töhmətlə işdən çıxaracağam” kimi təhdidlər edilir.
Baş verənlərlə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun müəllimə, Ailə, Qadın və Uşaq Problemləri üzrə məsul şəxslərə, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova, Elm və Təhsil Nazirliyinə və daxili işlər naziri Vilayət Eyvazova rəsmi müraciətlər etmişəm.
Media nümayəndələrindən və aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələnin obyektiv araşdırılmasına, mənə qarşı edilən haqsızlıqların dayandırılmasına və hüquqlarımın qorunmasına kömək göstərsinlər.

Hörmətlə,
Firəngiz Sabirqızı
AYB üzvü, Prezident təqaüdçüsü, 7 kitab müəllifi
Subyekt.az