![]()
15–17 may 2026-cı il mayın 15-dən 17-dək Türkiyədə – Mərmərə Universiteti Siyasi elmlər fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə “Türk Dostluğu Əsaslı İşbirliyi: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlərin Perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib.
Konqres Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA və YTB-nin dəstəyi ilə gerçəkləşib.
Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları da iştirak edib. İqtisad elmləri doktoru, professor, institutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, eyni zamanda DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir (Abdullayeva) “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sosial sahibkarlığın türk dövlətlərində inklüziv inkişafın təmin olunması, sosial rifahın yüksəldilməsi və bölgəsəl işbirliyinin gücləndirilməsi baxımından strateji önəmi diqqətə çatdırılıb.
İnstitutun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Allahyar Muradov isə “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzusunda məruzə edib. Çıxışda qlobal iqtisadi çağırışlar fonunda texnoloji modernləşmə, rəqəmsal transformasiya, innovasiya ekosisteminin formalaşdırılması və iqtisadi tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi kimi məsələlər incələnib.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Almaniya, Yaponiya, Hindistan, Güney Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın alim, araşdırmaçı və ekspert iştirak edib. Tədbir çərçivəsində Türk dünyasında ortaq strateji düşüncə platformalarının gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində yeni işbirliyi modellərinin formalaşdırılması, iqtisadi inteqrasiya, mədəni diplomatiya və dayanıqlı inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.





Subyekt.az