![]()
2026-cı il mayın 17-də Bakıda Savate (assault) idman növü üzrə açıq turnir təşkil olunub. Azərbaycan Savat Federasiyasının təşkil etdiyi turnir Qarabağ müharibəsi şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr edilib.
Subyekt.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən komandalar iştirak edib.
İdman turnirinin açılış mərasimində şəhidin anası, ailə üzvləri, rəsmi şəxslər iştirak ediblər.
Turnirin açılış mərasimində Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev çıxış edərək iştirakçıları salamlayıb və uğurlar arzulayıb. Rafiq Əliyev bildirib ki, turnirin əsas məqsədi gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin şəhidimiz Yalçın Mustafayevə və bütün şəhidlərimizə ehtiramın nümayiş etdirilməsidir.
Açılış mərasimində iştirak edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Bakı Dövlət Universitetinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhid Yalçın Mustafyevin qəhrəmanlıqları, döyüş yolu haqqında iştirakçılara ətraflı məlumat veriblər. Şəhidlərimizin adının dövlətimiz və xalqımız tərəfindən daim uca tutulduğunu bildiriblər və Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun şəhid ailələrinə, qazilərə xüsusi diqqətindən, qayğısından söz açıblar. Natiqlər Yalçın Mustafayev kimi qəhrəmanların gənc nəsil üçün örnək, nümunə olduğunu qeyd ediblər.
Yalçın Mustafayevin anası Rəhimə Mustafayeva isə çıxışında oğlunun və digər bütün şəhidlərimizin xatirəsinə daim diqqətlə yanaşdığı və belə bir idman turnirini təşkil etdiyi üçün Azərbaycan Savat Federasiyasına və Federasiyanın prezidenti Rafiq Əliyevə təşəkkür edib. Yarışda iştirak edən hər bir idmançıya uğurlar arzuladığını bildirən Rəhimə Mustafayeva idmançıları qəhrəman şəhidlərimizi və qazilərimizi heç zaman unutmamağa çağırıb.
Turnir idmançıların döyüşləri ilə davam etdirilib və uğurla yekunlaşıb. Qalib idmançılara xüsusi diplomlar və medallar təqdim olunub.














Subyekt.az