![]()
Yaponiyalı alimlər insan orqanizmində yeni dişlərin təbii şəkildə formalaşdırılmasını hədəfləyən innovativ preparatın klinik sınaqlarına başladıqlarını açıqlayıblar. Araşdırma dünya stomatologiyasında inqilabi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Subyekt.az xəbər verir ki, , tədqiqatın əsas ideyası insan çənəsində “yuxuda” qalan diş tomurcuqlarının xüsusi bioloji siqnallar vasitəsilə aktivləşdirilməsinə əsaslanır. Alimlər hesab edirlər ki, müəyyən genetik və molekulyar mexanizmlər işə salındığı halda, insan orqanizmi itirilmiş dişləri yenidən formalaşdırmaq potensialına malikdir.
Hazırda sınaqların ilkin mərhələsi təhlükəsizlik və preparatın insan orqanizminə təsirinin qiymətləndirilməsini əhatə edir. Layihə uğurlu nəticə verərsə, gələcəkdə implant və protezlərə alternativ olaraq təbii diş regenerasiyası mümkün ola bilər.
Mütəxəssislər bildirirlər ki, preparatın əsas məqsədi diş inkişafını məhdudlaşdıran xüsusi zülalın fəaliyyətini bloklamaqdır. Bu mexanizmin aktivləşdirilməsi nəticəsində yeni diş toxumalarının yaranması stimullaşdırıla bilər.
Qeyd olunur ki, texnologiya xüsusilə anadangəlmə diş çatışmazlığı yaşayan şəxslər üçün böyük ümid hesab edilir. Eyni zamanda, yaşlanma və travmalar nəticəsində diş itkisi yaşayan milyonlarla insan üçün də perspektivli müalicə üsulu ola bilər.
Araşdırmanın nəticələrinin yaxın illərdə beynəlxalq elmi ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Subyekt.az