![]()
(İmamverdi İsmayılovun “LABİRİNT” povesti üzərinə kulturoloji-fəlsəfi düşüncələr)
Yolunu azarsan, yol səni səslər,
Nəsə itirərsən, ol səni səslər;
Hər sözü çevirib söz etmək olmur,
Qəlb kədəri gəzər, dil qəmi səslər…
Çox qədim qatlara gedib çıxan, həm mifoloji, həm memarlıq, həm də fəlsəfi anlam yükü daşıyan bir anlayış var – biz də ona etimolojisinə uyğun şəkildə “labirint” deyirik.
“Labirint” sözü qədim yunan dilindəki labýrinthos (λαβύρινθος)
formasından gəlir. Bu söz əsasən Girit (Krit) adasındakı ünlü mifoloji tikili – Minotavrın saxlandığı dolaşıq keçidlər (dolaşıq yol) sistemi ilə bağlı işlənib.
Yunan mifologiyasına görə Kral Minos, memar Dedal və yarı insan-yarı öküz Minotavr çevrəsində formalaşan “labirint” anlayışı sonradan (demək olar) bütün dillərə yayılıb.
Bir çox alim “labirint” sözünü “labrys” adlanan qədim Krit ikibaşlı baltası ilə bağlayır.
Bu halda labyrinthos – “labrys evi”, “ikibaşlı balta məbədi” kimi anlaşılır.
Çünki Krit-Mino mədəniyyətində “labrys” qutsal hakimiyyət və ritual simvolu idi. Yəni ilkin mərhələdə “labirint” dini-məbəd kompleksi, qutsal keçid sistemi, gizli törən məkanı anlamı daşıya bilərdi.
Bəzi araşdırmaçılar isə sözün yunanlardan da öncə Anadolu, Lidiya yaxud Mino dillərinə aid olduğunu düşünür. Yəni yunanlar sözü hazır şəkildə mənimsəmiş ola bilər.
Bax, bu halda “labirint” indo-avropadan daha çox, qədim Aralıq dənizi təməl qatına aid termin sayılır.
Başlanğıcda fiziki dolaşıq tikili demək idi; sonralar isə insan şüuru, həyat yolu, mistik sınaq, daxili axtarış, mənəvi dolaşıqlıq anlamlarını qazandı.
Bu gün “labirint” artıq memarlıq terminindən çox, psixoloji, fəlsəfi, kulturoloji metafordur.
Qədim labirintlərdə məqsəd həmişə “çıxış(ı) tapmaq” olmurdu.
Bəzən insanı sınaqdan keçirmək, yönünü itirmək, mərkəzə çatdırmaq, “özünü tapmaq” məqsədi daşıyırdı. – Bir növ, türk-islam çiləxanası kimi…
Bu anlamda labirint “azmaq məkanı”ndan çox, “içə enmə modeli”dir – desək, qüsur olmaz.
Elə buna görə də çağdaş ədəbiyyatda “labirint” çox vaxt insanın iç dünyası, yaddaşı, vicdanı, qorxuları, zaman içində itib-batması
üçün metafor kimi işlədilir.
Milli Məclisin üzvü, yazıçı-publisist İmamverdi İsmayılovun yeni povestində də “Labirint” məhz bu ikinci – fəlsəfi-kulturoloji qatla işləyir…
Bəli, insan bəzən şəhərdə azmır;
insan bəzən meşədə də azmır;
insan ən çox öz içində azır…
Və bu elə səssiz baş verir ki, çox vaxt heç özü də hiss etmir…
Bir gün anlayırsan, qapılar yerindədir, divarlar yerindədir, adamlar yerindədir – amma… ruh öz yerində deyil…
İmamverdi İsmayılovun “Labirint”i məhz bu daxili yersizliyin, mənəvi koordinatsızlığın, çağdaş insanın görünməyən ruhi dağınıqlığının bədii xəritəsi kimi gəldi mənə.
Bu əsəri “bir ölüm haqqında povest” adlandırmaq azdır, məncə – əslində, bu, ölümə yaxınlaşan insanın yox, həyatdan uzaqlaşan insanın mətni deyilmi?..
Çünki insanın ölümü birdəfəlik olur; amma labirint daşdan yox, düşüncədən qurulanda insanın içdən aşınması illərlə davam edir.
Yuxarıda vurğuladığımız kimi, qədim çağlarda labirintin məqsədi çıxışı gizlətməkdən savayı, bəzən insanı öz mərkəzinə çatdırmaq da ola bilirdi.
İmamverdi İsmayılovun povestində də labirint daşdan tikilən memarlıq deyil, əlbəttə; burada labirint yaddaşdır, vicdandır, qorxudur, şübhədir, insanın özündən uzaq düşməsidir.
Çağdaş insanın ən böyük faciəsi də onun küçədə yox, düşüncəsində azması sayılmırmı?.. – Telefon susmur, ekran sönmür, xəbərlər bitmir, təlaş tükənmir…
İnsan daim görünməyən təhlükə hissi ilə yaşayır sanki… Sanki həyat yox, uzun sürən fövqəladə vəziyyət davam edir.
“Labirint” məhz bu mənəvi gərginliyin povesti olmanın ədəbi-bədii yükünü daşıyır, məncə…
Müəllif bundan öncə
“Bayquş və qarovulçu”nu yazmışdı; indi budur “Labirint” hər yandan görünür: müəllifin neçə həmkarını bu barədə danışan gördüm; neçə qəzetdə, saytda “Labirint” haqqında rəy gördüm; gördüm, akademiklər, professorlar oxuyub, rəy yazmaq qərafına gəlib…
İmamverdi İsmayılovun ötən il geniş rezonans doğuran “Bayquş və qarovulçu” hekayəsində gecənin səssizliyi içində vicdanın səsi duyulurdu. – Orada qaranlıq çöldəydi. Budur, “Labirint”də isə qaranlıq artıq insanın içinə köçüb.
Öncəki hekayədə qarovulçu sanki zamanın keşiyini çəkirdi, bayquş isə gecənin mistik bilgəsini xatırladırdı.
Müəllif o hekayədə insanla təbiət, qorxu ilə intuisiya, gecə ilə yaddaş arasında görünməyən bağlar qururdu.
“Labirint”də isə… artıq keşiyini çəkmək mümkün deyil… Çünki təhlükə qapının o tayında yox, insanın beyninin içindədir.
Əgər “Bayquş və qarovulçu” vicdanın gecə səsləri idisə,
“Labirint” çağdaş insanın içərisindəki uğultudur.
Birində insan qaranlığa baxırdı; digərində qaranlıq insanın özünə baxır…
Burada insan ölümdən yox, yaşaya bilməməkdən qorxur… – Əsərin ən ağır qatlarından biri bu olsa gərək…
Adam ev tikir – yaşamağa vaxt tapmır…
Pul qazanır – rahatlıq tapa bilmir…
Bala böyüdür – onunla danışmağa zamanı olmur…
Ömrünü təhlükəsizlik üçün xərcləyir – amma heç vaxt özünü təhlükəsiz hiss etmir…
Müəllif bu paradoksu sakit, pafossuz, amma təsirli şəkildə göstərir.
“Labirint”dəki (və labirintdəki!) insan öz faciəsinin fərqindədir… ancaq çıxış yolunu tapa bilmir. Ən ağrılı məqam isə bu deyilmi məgər?..
Necə deyərlər, bəzi labirintlərin xəritəsi olmur…
Burada bir vurğulama etmək istəyirəm: İmamverdi İsmayılovun dili xalq nəfəsinin çağdaş ritmi ilə “danışır”. – Bu povestin uğurlarından biri də dildir.
Müəllifin dili süni “ədəbi görünmək” təşəxxüsündən uzaqdır; yazıçının dili kitab rəfindən gəlmir – onun gəldiyi yer həyatın içidir… Bax, orada yas yeri var, çayxana nəfəsi var, kənd axşamı var, yorğun adamların susqunluğu var…
Bu bədii ovqat, bu daxili ritm Azərbaycan nəsrində bizə müəyyən mənada İsmayıl Şıxlının ağır kişilik səssizliyini, Sabir Əhmədlinin iç ağrısına çevrilmiş həyat fəlsəfəsini, Mövlud Süleymanlının mifləşən kənd yaddaşını, çağdaş qatdasa Aqil Abbasın həyatın içindən gələn sərt və təbii danışıq enerjisini xatırladır.
İmamverdi İsmayılov bu xəttin içində belə daha çox insanın iç səsini, görünməyən ruhi çatlarını, çağdaş adamın səssiz daxili uğultusunu yazır.
Elə buna görə də (təzadlı çıxmasın) onun qəhrəmanları danışmaqdan çox düşünür, düşünməkdən çox susur, susduqca isə oxucunun içində böyüyür…
İmamverdi İsmayılov xalq danışıq ritmini çağdaş psixoloji nəsrlə birləşdirə bilir.
Bu hər yazıçıya nəsib olurmu?
Xalq dili burada folklor elementi olmaqdan çıxır – milli yaddaşın sağ qalma forması olaraq şəkillənir.
Əslində, bu povest bir insan haqqında olmaqdan irəli – bir dönəm haqqındadır.
Özü də, söhbət bir ölkədən, bir bölgədən getmir; günümüzdə dünyanın sürəti, kapitalist həyatın yorğunluğu, güvənsizliyin gündəlik hala çevrilməsi, mənəvi dayaqların zəifləməsi – bunların hamısı əsərin görünməyən fonudur.
Uzun sözün qısası, çağdaş insan öz ruhundan uzaq düşüb.
Qədim labirintlərdə insan mərkəzi tapmaq üçün dolaşırdı.
Bugünkü insan isə çox vaxt özünü tapmaq üçün…
Ancaq insan dünyanı kəşf etdikcə özünü itirir. – Çağdaş dönəmin ən böyük paradoksu bu olmasın?..
“Labirint”i məhz bu itkinin bədii salnaməsi sayanlar haqsızdırmı?
Hər insanın içində çıxışı çətin bir yol var. – Əsəri bitirəndən sonra bunu bir qırağa yazmış olursan…
İnsan bəzən bütün ömrünü həmin yolu axtarmağa sərf edir.
Bəzən də… özündən çıxa bilmir.
Dedilər yol getsən, yorulmaq qalar,
Elə oturub da, qocalmaq olar…
Dəli arzularla bacarmaq olar,
İlahi, sən məni özümdən çıxart…
Əkbər QOŞALI
Subyekt.az