![]()
Çağdaş dünyanın siyasi xəritəsi həm sərhədlərlə, həm də münasibətlər sistemi ilə və daha da dərin qatlarda – sivilizasiya səviyyəli davranış kodları ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər cari diplomatik mövqedən daha üstün – yeni bir geosiyasi düşüncə modelinin konturlarını ortaya qoyur.
Bəli, sülh praktik mexanizmdir və o, deklarasiya sayıla bilməz.
Azərbaycan–Ermənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika klassik diplomatik ritorikanın hüdudlarını aşaraq praktik sülh mexanizminə çevrilməkdədir. Sülhün sənədlərlə yanaşı, logistik və iqtisadi axınlarda ifadə olunması bunu təsdiqləyir.
Örnək göstərsək, Azərbaycan ərazisi üzərindən Ermənistana minlərlə ton yükün çatdırılması, eyni zamanda neft məhsullarının ixracına başlanması sülhün artıq gerçək iqtisadi davranışa transformasiyasını göstərir. Bəli, bu, klassik anlamda “savaşsonrası mərhələ” olmaqdan daha irəli – qarşıdurmadan sonrakı mədəniyyətin başlanğıcıdır. Bəli, bəli, mədəniyyətin!..
Belə addımlar qarşılıqlı güvənin institusional əsasını yaradır, regional kommunikasiya xəritəsini yenidən qurur və ən əsası, sülhü “məcburi pauza”dan “şüurlu seçim”ə çevirir.
Biz bu məqamda tarazlıq siyasətinin Bakı modelinə keçid edə bilərik.
Azərbaycanın irəli sürdüyü və qəbul olunmuş təşəbbüs – “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Bakıda keçirilməsi – tarazlıq prinsipinin siyasi institusionallaşmasıdır. Yəni söhbətin sadəcə diplomatik jestdən getmədiyi hər kəsə aydındır.
Ermənistanda keçirilən sammitə dəstək verilməsi və paralel olaraq Azərbaycanın ev sahibliyi təklifinin qəbul olunması regiona yeni anlayış gətirir (yaxud onu möhkəmləndirir). Bəli, sülh kompromis olmaqdan irəli – qarşılıqlı legitimlikdir.
Bu, keçmiş sovet məkanında nadir rast gəlinən yanaşmadır. Burada artıq “qalib–məğlub” dili işlək sayılmır və necə deyərlər, “bərabər iştirakçı” dili formalaşır.
Avropa ilə dialoq – bax, bu isə bizi işbirliyi və ziddiyyətin dialektikasına toxunmağa çağırır.
Azərbaycanın Avropa strukturları ilə münasibətlərində diqqət çəkən məqam iki xəttin paralel mövcudluğudur: bir tərəfdə – Avropa Komissiyası ilə konstruktiv işbirliyi, digər tərəfdə isə – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə ciddi fikir ayrılıqları vardır.
Bu təzad təsadüfi deyil; əslində, bu, Avropanın öz daxilində mövcud olan normativ parçalanmanın xarici siyasətdə əksidir.
Azərbaycan Respublikasının irəli sürdüyü əsas tezis – “ikili standartların qəbuledilməzliyi” – milli maraq mövqeyi olmaqla yanaşı, daha geniş miqyasda beynəlxalq hüququn universallığına çağırışdır.
Əgər ərazi bütövlüyü prinsipi selektiv tətbiq olunursa, o zaman bu prinsip artıq hüquqi norma olmaqdan çıxır, konkret siyasi alətə çevrilir.
Onda belə çıxır ki, biz narrativ savaşa – informasiya məkanında qarşıdurmaya fokuslanmalıyıq.
Bu gün qarşıdurma fiziki məkanlarla yanaşı, informasiya sahəsində də davam edir.
Son illərdə Avropa Parlamenti tərəfindən qəbul edilən çoxsaylı qətnamələr və onların ritorikası bunu açıq-aydın göstərir. Bu durumda Azərbaycan öz suverenliyini bərpa edən aktor, regional sabitlik yaradan mərkəz və eyni zamanda narrativ hücumlara məruz qalan subyekt kimi çıxış edir.
Bu isə yeni bir gerçəklik yaradır:
Geosiyasət artıq həm də semantika savaşına çevrilib – yəni sözlərin, anlayışların və mənaların üzərində gedən mübarizəyə. Məsələn, biz haqlı olaraq “antiterror əməliyyatı” deyirik, Avropalı “barış biliciləri” isə bunu “hücum” kimi təqdim edirlər. Halbuki erməni hökuməti bu mövzuya qayıtmaqdan yayınır – və bu, müəyyən mənada başadüşüləndir: keçmişə qayıdaraq gələcəyi necə qurmaq olar?
Sülhə sədaqət söz süzmək sayılmaz – o, strateji seçim olmalıdır.
Ən önəmli məqam isə budur ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Bu, gücün daha yüksək formasıdır.
Çünki savaşı qazanmaq bir mərhələdirsə, sülhü qurmaq və onu davam etdirmək sivilizasiya mərhələsidir. Əgər sivilizasiya mərhələsi zamanın bölgüsüdürsə, sivilizasion mərhələ məzmunun dəyişməsidir.
Beləliklə, yeni siyasi fəlsəfə yaranır.
Bakı ilə Brüssel arasında münasibətlər yalnız diplomatik çərçivədə izah edilə bilməz; burada daha dərin proses gedir. Yəni milli maraq ilə qlobal norma arasında balans axtarışı, regional liderlik ilə beynəlxalq legitimlik arasında körpü quruculuğu və ən əsası, savaşsonrası dövrün yeni fəlsəfəsinin formalaşması.
Azərbaycan bu prosesdə artıq yalnız iştirakçı deyil, həm də oyunun qaydalarını təklif edən aktora çevrilir. Ona görə də “Avropa Azərbaycanı necə qəbul edir?” sualını “Azərbaycan Avropaya hansı yeni siyasi məntiqi təklif edir?” formasında qoymaq daha doğrudur.



DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı
Subyekt.az