![]()
Bu gün Azərbaycan səhiyyəsində özünəməxsus yeri və imzası olan, ölkəmizdə və beynəlxalq aləmdə tanınan hematoloq, dəyərli həkim Valeh Hüseynovun 50 illik yubileyidir.
Valeh Hüseynovun həyat yoluna nəzər saldıqda onun missiyasının nə qədər ali və məsuliyyətli olduğunu aydın şəkildə görmək mümkündür. Onun timsalında bir daha şahidi oluruq ki, insanı ucaldan ilk növbədə onun yüksək insani keyfiyyətləri, daha sonra isə gördüyü işlər və həyata keçirdiyi təşəbbüslərdir.
Azərbaycanın tanınmış professoru Şahlar Əsgərovun fikirləri bu məqamda xüsusilə yerinə düşür: “İnsan var ki, min ildə bir dəfə doğulur. İnsan var ki, yüz ildə bir dəfə doğulur. Bir də hər gün doğulanlar var. Milli və bəşəri dəyərləri min ildə və yüz ildə bir dəfə doğulanlar yaradırlar. Hər gün doğulanlar isə sənət üçün yox, peşə üçün doğulurlar. Onlar yeni dəyər yaratmır, mövcud dəyərləri qoruyur və nəsildən-nəslə ötürürlər.”
Peşəkarlıq, yüksək insani keyfiyyətlər, güclü idarəetmə bacarığı və burada sadalanmayan digər mühüm xüsusiyyətlər Valeh Hüseynov kimi şəxsiyyətlərin məhz həmin nadir – “min ildə bir, yüz ildə bir doğulanlar” sırasında yer aldığını deməyə əsas verir.
Əziz və dəyərli doktor, sizin haqqınızda deyiləcək xoş sözlər bir yazıya deyil, bəlkə də onlarla kitaba sığmaz. Minlərlə xəstənin həyatına toxunan xidmətləriniz, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı görünməz qəhrəmanlardan biri kimi göstərdiyiniz fədakarlıq xalqımız və dövlətimiz qarşısında danılmaz və unudulmazdır.
Bu gün siz bir Azərbaycan həkimi olaraq ölkəmizi və milli səhiyyəmizi dünyada ləyaqətlə və şərəflə təmsil edirsiniz. Siz dövlətinə və xalqına əməli fəaliyyəti ilə töhfə verən nadir şəxsiyyətlərdənsiniz.
Sizə möhkəm can sağlığı, fəaliyyətinizdə davamlı uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram. 50 illik yubileyiniz mübarək! Arzu edirəm ki, qarşıdakı illərdə də bu cür əlamətdar günləri doğmalarınızın və sizi sevən insanların əhatəsində qeyd edəsiniz.
Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az