![]()
Bakıda Qazaxıstan-Azərbaycan birgə “TurAn” (TourAN) turoperatorunun rəsmi təsis edilməsi mərasimi keçirilib. Bu təşəbbüs Qazaxıstan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişafına yönəlib.
Layihənin təşəbbüskarları turizm bazarında təcrübəyə malik olan və beynəlxalq layihələr həyata keçirən “Discover Jetisu” (Qazaxıstan) və “Smile Azerbaijan Tour” MMC (Azərbaycan) şirkətləridir. Təsis sənədləri Qazaxıstanın Azərbaycandakı Səfirliyinin binasında imzalanıb.
Yeni turoperatorun nizamnamə kapitalı tərəflər arasında bərabər bölüşdürülməklə 100 min ABŞ dolları təşkil edir. Şirkətin fəaliyyəti ekoturizm, mədəni və qastronomik turlar, həmçinin tibbi və işgüzar turizm daxil olmaqla geniş turizm xidmətlərini əhatə edəcək.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, vahid turoperatorun yaradılmasının ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və regionun vahid turizm istiqaməti kimi beynəlxalq cəlbediciliyinin artmasına töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, son illərdə qarşılıqlı turist mübadiləsində müsbət dinamika müşahidə olunur və bu cür təşəbbüslərin həyata keçirilməsi turist axınının daha da artırılmasına yönəlib.
Diplomat xatırladıb ki, 2024–2025-ci illərdə Qazaxıstanın Bakıdakı Səfirliyi tərəfindən sahəvi əməkdaşlığın inkişafına yönəlmiş iki Qazaxıstan-Azərbaycan turizm forumu təşkil olunub. Üçüncü forum 2026-cı ildə Türkistanda keçiriləcək.
Hazırda Qazaxıstan və Azərbaycan arasında inkişaf etmiş hava nəqliyyatı əlaqəsi mövcuddur. Birbaşa reyslər Air Astana, FlyArystan və Azerbaijan Airlines aviaşirkətləri tərəfindən Bakı–Astana, Almatı, Aktau, Atırau və Şımkent marşrutları üzrə həyata keçirilir. Həftəlik reyslərin ümumi sayı 30-u keçir.
“TourAN”ın təsis edilməsi iki ölkənin turizm sahəsinin inkişafında mühüm addım olacağı, investisiya fəallığının artmasına və beynəlxalq bazarlarda birgə turizm məhsullarının yaradılmasına töhfə verəcəyi gözlənilir.
Subyekt.az