![]()
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı diplomatik protokol olmaqla birgə, rəsmi Bakının xarici siyasət prioritetlərini bəyan edən strateji yol xəritəsidir. Beynəlxalq hüququn prinsiplərinə, balanslı yanaşmaya və siyasi təmkinə əsaslanan bu mövqeyi Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ilə müzakirə etdik.
– Fazil bəy, Prezident İlham Əliyevin bu bəyanatını beynəlxalq hüquq və siyasi fəlsəfə müstəvisində necə xarakterizə edərdiniz?
– Prezidentin Ukraynalı həmkarı ilə birgə mətbuat konfransında mətbuata bəyanatı beynəlxalq hüquq normaları ilə real siyasi davranışın sistemli vəhdətidir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri burada həm hüquqi tezis, həm də Azərbaycanın xarici siyasətinin praktik təməli kimi təqdim olunur. Bu yanaşma rəsmi Bakının illərdir yürütdüyü ardıcıl, məntiqli və prinsipial xəttin növbəti təsdiqidir.
– Bəyanatın siyasi və elmi dayanıqlığını təmin edən əsas amillər hansılardır?
– Əsas amil ondan ibarətdir ki, irəli sürülən tezislər nəzəri mülahizələrdən başqa, birbaşa mövcud geosiyasi gerçəkliklərə söykənir. Nəzəriyyə ilə praktikanın bu dərəcədə peşəkar vəhdəti bəyanatın siyasi çəkisini daha da artırır. Belə strateji xətt Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirməklə yanaşı, dövlətin prinsipial mövqeyini hər cür təhrif cəhdlərindən sığortalayır.
– Çıxışda enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq aspektlərinin xüsusi vurğulanması Sizcə nəyə işarə edir?
– Bu, çağdaş beynəlxalq sistemin real tələbidir. İqtisadi maraqlara və qarşılıqlı faydaya söykənməyən siyasi münasibətlər uzunömürlü ola bilməz. Azərbaycan qlobal enerji təhlükəsizliyinin güvənli tərəfdaşıdır və bu potensialın Ukrayna ilə əməkdaşlıq kontekstində dəyərləndirilməsi həm iqtisadi rasionalizmə, həm də strateji tərəfdaşlıq məntiqinə tam uyğundur.
– Necə bilirsiz, bəs bəyanatda humanitar əlaqələrin ayrıca vurğulanması hansı strateji önəmə malikdir?
– Dövlətlərarası münasibətlərin davamlılığı rəsmi sazişlərlə yanaşı, xalqlar arasındakı güvən mühiti ilə ölçülür. Humanitar və mədəni əlaqələr bu güvənin institusional bünövrəsidir. Bəyanatda həmin istiqamətin xüsusi vurğulanması Azərbaycanın dövlət siyasətində humanizm prinsiplərinə sadiqliyinin və məsələyə çoxşaxəli yanaşmasının göstəricisidir.
-Ümumilikdə, Azərbaycanın Ukrayna ilə əməkdaşlıq xəttini ölkəmizin beynəlxalq aktor kimi mövqeyi baxımından necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, Azərbaycanın Ukrayna ilə münasibətləri ölkəmizin balanslı, prinsipial və rasional xarici siyasət kursunun ən uğurlu göstəricilərindən biridir. Bu əməkdaşlıq emosional ritorikaya deyil, tamamilə beynəlxalq hüququn prinsiplərinə, faktoloji bazaya və strateji ardıcıllığa söykənir. Azərbaycanın Ukrayna məsələsində nümayiş etdirdiyi qətiyyətli və şəffaf mövqe, ölkəmizi beynəlxalq arenada hər zaman öz sözünə sadiq, məsuliyyətli və proqnozlaşdırıla bilən strateji tərəfdaş kimi təsdiq edir.
Subyekt.az