![]()
Azərbaycan ədəbi-mədəni mühitində yeni bir canlanma müşahidə olunur. Elşən Əzim sosial şəbəkə hesabında etdiyi paylaşımda “Söz odası” ədəbiyyat və incəsənət dərgisinin fəaliyyətini bərpa etdiyini elan edib.
Onun sözlərinə görə, jurnal bundan sonra ciddi ədəbiyyat və incəsənət nümunələrinin çapını həyata keçirəcək, eyni zamanda ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcı şəxslərin tanıdılması istiqamətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi həm peşəkar ədəbi mühitin inkişafına töhfə vermək, həm də bölgələrdə fəaliyyət göstərən istedadların üzə çıxarılmasıdır.
Elşən Əzim qeyd edib ki, müasir dövrdə sosial şəbəkələr və internet resursları tanınmaq üçün ən əlverişli vasitələrdən biri olsa da, çap məhsullarının uzunömürlülüyü və tarixi dəyəri danılmazdır. Onun fikrincə, çap materialları yalnız bu gün üçün deyil, gələcək sənət tədqiqatçıları üçün də etibarlı mənbə rolunu oynayır.
Xatırladaq ki, “Söz odası” jurnalı ilk dəfə 2011-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və iki il ərzində çap olunaraq ölkə üzrə satışa çıxarılıb. Müəyyən fasilədən sonra jurnalın yenidən nəşrə başlaması ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Subyekt.az kollektivi də bu təşəbbüsü dəstəkləyərək jurnalın yaradıcı heyətinə uğurlar arzulayıb.
Müşahidəçilər hesab edir ki, çap mediasının çətin dövr keçdiyi bir zamanda belə təşəbbüslər həm mədəni irsin qorunması, həm də yeni ədəbi platformaların formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Rövşən Hüseynli
Subyekt.az