![]()
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında həyat sürətlə bərpa olunur, illərlə həsrət qalan yurd yerlərimiz yenidən qurulur və abadlaşdırılır. Həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan sakinlər üçün hər bir gün xüsusi məna kəsb edir. Otuz üç ildən sonra doğma yurda qayıdan insanlar bu il Novruz bayramını böyük sevinc və qürur hissi ilə qarşıladılar.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri bölgədə əsl şənlik ab-havası yaratdı. Tədbir çərçivəsində Novruz tonqalı alovlandırıldı və uzun illərdən sonra Kəlbəcər torpağında yandırılan bu tonqal qayıdışın, dirçəlişin və yeni həyatın rəmzi kimi böyük mənəvi məna daşıdı.
Bayram mərasimində Azərbaycan xalqının zəngin milli-mədəni irsini əks etdirən adət-ənənələr nümayiş etdirildi. Kəlbəcər bölgəsi tarix boyu milli-mənəvi dəyərlərin qorunması ilə seçilib və bu ənənə bu gün də davam etdirilir. Tədbir iştirakçıları folklorumuzun qədim nümunələrindən sayılan “Maral oyunu”nun təqdimatını böyük maraq və coşqu ilə izlədilər.
Bu gün Azərbaycan cəmiyyəti işğaldan azad edilmiş ərazilərə qayıdış prosesini qürur hissi ilə izləyir. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri regionun sosial-iqtisadi həyatına yeni dinamika gətirir. Bu istiqamətdə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi təşəbbüslər və vətəndaşların göstərdiyi dəstək azad edilmiş torpaqların daha sürətli dirçəlməsinə mühüm töhfə verir.
Hər bir verilən töhfə doğma torpaqlarımızın yenidən qurulmasına xidmət edir. Qarabağın bərpası yalnız dövlət proqramı deyil, həm də milli həmrəyliyin və birliyin bariz nümunəsidir. Bu gün hər bir vətəndaşın bu prosesə mənəvi və maddi dəstək göstərməsi mühüm əhəmiyyət daşıyır.
Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin igidliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində xalqımız bu gün doğma torpaqlarında azad və qürurlu şəkildə bayram edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin nəticəsi olaraq bu gün Kəlbəcərdə həyat yenidən canlanır.

Bu qürurlu günlərdə bir daha əminliklə deyirik:
Qarabağ Azərbaycandır!
Gücümüz birliyimizdir!
Rövşən Hüseynli
Subyekt.az