![]()
Müasir dövrdə təhsil yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır, eyni zamanda onların mənəvi və estetik tərbiyəsini də əhatə edir. Musiqi təhsilin vacib tərkib hissələrindən biridir. Məktəblərdə tədris olunan musiqi fənni şagirdlərin mənəvi dünyasının formalaşmasında, estetik zövqünün inkişafında və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayır.

Musiqi dərsləri şagirdlərə yalnız mahnı öyrətməklə kifayətlənmir, eyni zamanda onların hisslərini ifadə etməyi və gözəlliyi dərk etməyi öyrədir. Azərbaycan musiqisi əsrlər boyu formalaşmış zəngin irsə malikdir. Bu irsin gələcək nəsillərə çatdırılması məhz məktəblərdə tədris olunan musiqi dərsləri vasitəsilə həyata keçirilir. Dahi bəstəkar Üzeyir Hacıbəyov milli musiqimizin əsasını qoyaraq onun tədrisinin vacibliyini vurğulamışdır. Görkəmli bəstəkar Qara Qarayev isə musiqinin insanın dünyagörüşünün formalaşmasında böyük rol oynadığını qeyd etmişdir. Bu baxımdan, məktəblərdə musiqi dərsləri şagirdlərin milli dəyərlərə bağlı böyüməsinə kömək edir.
Musiqi dərsləri şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına, yaddaşının möhkəmlənməsinə və estetik zövqünün formalaşmasına kömək edir. Bu dərslər şagirdlərdə səhnə mədəniyyəti, özünə inam və kollektivlə işləmək bacarığı yaradır. Eyni zamanda, musiqi şagirdlərin emosional inkişafında mühüm rol oynayır və onların daha həssas və yaradıcı şəxsiyyət kimi formalaşmasına şərait yaradır.
Nəticə olaraq qeyd etmək olar ki, musiqi məktəblərdə yalnız bir fənn deyil, həm də məktəblərdə vacib tərbiyə və inkişaf vasitəsidir. Musiqi dərsləri şagirdlərin şəxsiyyət kimi formalaşmasına, milli dəyərlərə bağlı böyüməsinə və estetik dünyagörüşünün inkişafına xidmət edir. Buna görə də musiqi tədrisinə daim diqqət və qayğı göstərilməlidir. 🎼
Fidan Hamletqızı
Subyekt.az