![]()
Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir.
Heydər Əliyev,
Ümummilli lider
Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan. Maddi dəyərlərini araşdırmazdan əvvəl həmin ölkənin milli-mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan ki, maddi dəyərlər yalnız tutarlı, zəngin ənənəli milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca Azərbaycanın müdrik oğulları qeyri-maddi, mənəvi dəyərlərin yaradılması üçün yorulmadan, əzmlə çalışıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmirik.
Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şəhri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən maraqlı fikirlər söylənmişdir. İş elə gətirmişdir ki, mətbuata, onun əhəmiyyətinə dair ilk qiymət verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, M.Şaxtaxtlı, M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir.
Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli inqilabın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Təbiətşünas alim, yorulmaz maarifpərvər Həsən bəy Zərdabi həmin qəzeti – “Əkinçi” ni nəşr etdirməklə Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu və “Əkinçi” Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını “Əkinçi” qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Azərbaycan xalqının ana dilində oxuması çox əlamətdar bir hadisə idi. “Əkinçi” də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Həsən bəy Zərdabi öz həyatı boyu, eləcə də qəzetin səhifələrindəki yazı ilə xalqa fayda verən işlərlə məşğul olmağı əsas vəzifə hesab edir, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoymaq, xeyriyyə cəmiyyətini açmaq Bakı Realnı Məktəbində müəllimlik və maarifçiliyi inkişaf etdirmək və s. ilə məşğul olurdu. O, əməkçi xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı və ümumiyyətlə, xalqı cəhalətdə saxlayan, onun inkişafına maneəçilik törədən hər bir şeyə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün “Əkinçi” çox böyük və mühüm bir mənbə idi.
Qəzetin “Daxiliyyə”, “Elm xəbərləri”, “Mətbuat”, “Əkin və ziraət xəbərləri” və “Əfhali-əhli-dehat” bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. Həsən bəy müxtəlif rublikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostlarının S.Ə.Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, N.B.Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır və məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. “Əkinçi” yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparılmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri – qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və s. əsas yerlərdən birini tuturdu. Eyni zamanda kiçikyaşlı məktəb uşaqlarına dərslik əvəzinə “Leyli və Məcnun”, “Min bir gecə”, “Pişik və siçan” kimi əsərlərlə onların mütaliə dairəsinin məhdudlaşdırılması məzəmmət və tənqid edilirdi. Qəzet pedaqoji meyillərin təbliği ilə yanaşı məktəb, təlim-tərbiyə məsəlləri ətrafında mübahisə və müzakirələrindən də çəkinməmişdir. H.Zərdabi 1876-cı ildə dərc etdirdiyi bir məqaləsində Bakıda klub açmaq, qiraət üçün kitab və qəzet gətirmək, Azərbaycan dilində elmi kitablar hazırlayıb çap etmək məqsədilə xüsusi bir cəmiyyət düzəldilməsi məsələsini irəli sürmüşdür. “Elmi xəbərlər” bölməsində dərc olunan yazılar, əsasən maarifləndirici məqsəd daşıyırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.Zərdabi ilə söhbətində belə demişdi: “Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvətinizə heyran edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz”. Zərdabi “Əkinçi” vasitəsilə Azərbaycan ellərinə maarif işığı saçacağı günləri düşünür və bu məqsədlə yorulmadan çalışırdı. Bununla bağlı suallara isə “at ölüncə otlar” deyə cavab verirdi.
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi” nin üzərinə hucuma keçdilər. 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. “Əkinçi” qəzeti bağlandıqdan sonra çar hökuməti üçün “təhlükəli” hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmirdi. Bu məqsədlə Həsən bəy Zərdabi Yekaterinodar Şəhər Gimnaziyasına müəllim göndərmək adı ilə 1878-ci ildə Bakı real gimnaziyasındakı işindən – müəllimlikdən azad edildi. İki ilədək bir müddət ərzində işsiz qalan millət fədaisi Bakı şəhərində hara müraciət edirsə onu heç bir yerdə işə qəbul etmirdilər. Nəhayət, 1880-ci ildə ailəsi ilə birgə, doğulub boya-başa çatdığı Zərdab kəndinə köçmüş və 16 il burada həyat sürmək məcburiyyətində qalmışdır.
O, Zərdabda kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda fəal iştirak edirdi. 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin 1,4,8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspi” qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir. Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur. Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır .
AYNUR TURAN
Subyekt.az